Məlum olduğu kimi, 2022-2023-cü tədris ili üçün keçiriləcək məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 avqust tarixindən start verilib.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin yaydığı məlumatda qeyd edilir ki, müsabiqə elektron ərizələrin yoxlanması, test imtahanı və müsahibə mərhələlərini əhatə edəcək.
“Bağçalara işə qəbul prosesinin şəffaf olması üçün imtahan nəticələri təhlil olunmalıdır”
Bağça müəllimlərinin işə qəbulunda şəffaflığın necə təmin olunması barədə fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, hazırda ölkədə 1693 məktəbəqədər təhsil müəssisəsi və körpələr evi fəaliyyət göstərir: “2011-ci ildə uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq icra hakimiyyətlərinə verildi. Son 10 ildə bağçalarda geriləmə müşahidə edildi. Xüsusilə bağçalarda işə qəbul zamanı şəffaflıq təmin edilmədi. Artıq məktəbəqər təhsil müəssisələri ilə bağlı qaydalar dəyişib. Bağçalara işə qəbul müsabiqə formasında həyata keçiriləcək. Ümid edirik ki, bağçalara müəllimlərin işə qəbulu şəffaf formada həyata keçiriləcək və orta məktəb müəllimlərinin işə qəbulunda yaşanan nöqsanlar burda qeydə alınmayacaq”.
K.Əsədov hesab edir ki, bağça müəllimlərinin işə qəbulu test və müsahibə mərhələsi ilə başa çatmamalıdır. Test mərhələsindən keçənlər mütləq şəkildə ciddi şəkildə psixoloji müayinədən keçməlidir: “Nəzərə almaq lazımdır ki, azyaşlı uşaqlarla işləmək heç də hər kəs üçün asan deyil. Test mərhələsindən keçən istənilən şəxs uşaqla işləyə bilməz. Hazırda 123 min körpə uşaq bağçalarında təlim tərbiyə prosesinə cəlb edilib. Dəfələrlə bağçalarda körpə uşaqlara qarşı aqressiv münasibətin şahidi olmuşuq. Bu səbəbdən də bağçalara işə qəbul edilənlər mütləq şəkildə psixoloji müayinədən keçməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bağçalara işə qəbul prosesininin şəffaf olması üçün imtahan nəticələri təhlil olunmalıdır. Bu proses müstəqil qurumlar tərəfindən həyata keçirilməlidir: “Nəzərə almaq lazımdır ki, bağçalarda çalışan şəxslər körpələrlə işləyir. Bu səbəbdən də bağçalarda müəllimlərin işə qəbul mexanizmində maddiyyata deyil, mənəviyyata önəm vermək lazımdır. Danılmaz faktdır ki, bağça uşaqların həyatında xüsusi rola malikdir”.
Günel CƏLİLOVA