Masallıda Birinci Qarabağ və Vətən müharibələri qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində tədbirlər tez-tez təşkil olunur. Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları və şəhid ailələrinin iştirak etdiyi belə bir tədbir iyul ayında doğulan Birinci Qarabağ, eləcə 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlərlə bağlı idi. Onu da bildirək ki, tədbir Masallı Tarix – Diyarşünaslıq Muzeyi Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı sayəsində baş tutdu.
Əvvəlcə Vətəni, torpağı üçün canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra muzeyin direktor vəzifəsini müvəqqəti icra edən D.Məmmədova layihənin əhəmiyyətindən danışdı, iyul ayında doğulan, doğma Azərbaycanın bütövlüyü naminə döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verdi. Qalereyanın direktor vəzifəsini icra edən T.Məcidov isə öz çıxışında bildirdi ki, Qarabağ uğrunda müharibədə misilsiz şücaətlər göstərən, ölümləri ilə ölməzlik qazanan şəhidlər dövrümüzün qəhrəmanlarıdır və onları tanıtmaq, bununla gənclərə Vətəni sevməyi öyrətmək bizlərin mənəvi borcudur.
Şəhidlərin doğmaları öz əzizləri haqqında qürurla danışdılar, onlarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər, ölkədə şəhid ailələrinə, Vətən naminə döyüşüb sağlamlığını itirənlərə göstərilən qayğıya görə dövlətə minnətdarlıq etdilər.
Yekunda tədbirə qatılan və iyul ayında doğulan şəhidlərin ailələrinə layihə təşkilatçıları tərəfindən “Təşəkkürnamə” təqdim olundu, xatirə şəkilləri çəkildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü