Rəvan Üzeyir oğlu Abbasov İkinci Qarabağ müharibəsində 30 il yağı əsarətində qalan Vətən torpaqların azadlığı uğrunda gedən haqq savaşımızda böyük şücaət göstərib. Masallı rayonunun Öncəqala kəndindən olan Rəvan müharibənin ilk günündən döyüşlərə atılaraq, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının alınmasında fəal iştirak edir. Xocavənddə gedən savaşda isə ayağından ağır yaralanır. Masallının qəhrəman oğlu dövlət tərəfindən “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması”, “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” medallarına layiq görülür.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində Rəvan Abbasova evində baş çəkiblər. Ziyarət zamanı onun keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb və qayğıları dinlənilib. Rəvan, öz növbəsində, müharibədə qazanılan zəfərin sevincini, döyüş xatirələrini ziyarətçilərlə bölüşüb, Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü