Qərbi Kaspi Universitetinin tələbələri təhsil müəssisələrini dəyişmək üçün universitetdən lazım olan akademik arayışı ala bilmədiklərini iddia edirlər. Qeyd olunur ki, tələbələrlə yanaşı valideynlər də 3-4 gündür ki, universitetin korpusları arasında qalıblar.
Tələbələr qeyd edir ki, onlar universitetin tyutoruna zəng edir: “Ancaq tyutor ona zəng tələbələrin hamısının nömrəsini bloka atdı və bizə dedi ki, sizi şikayət edəcəm, mənim məzuniyyətimi pozursunuz. Bizim gələcəyimiz, təhsilimiz universitet işçisinin məzuniyyətindən dahamı önəmsizdir? Həmçinin, universitetdən onu da dedilər ki, transfer edildiyiniz halda 3-4-cü illərin pulu verilməlidir. Hətta dedilər ki, universitetdən imtina etsəniz belə, 2 ilin pulunu ödəyib, sonra çıxmalısınız. Onların bu istəyi isə qanunsuzdur. Oxumadığımız illərin ödənişi necə verə bilərik?”.
Tələbələr iddia edir ki, universitet əməkdaşları onları transfer etməmək üçün get-gələ salır: “Transfer üçün ərizə yazmağımızı istəyirlər. Ərizəni yazırıq, ancaq qəbul etmirlər”
Qərbi Kaspi Universiteti: “Bütün müraciət etmiş tələbələrə müvafiq sənədlər təqdim olunub”
Qərbi Kaspi Universitetindən tələbələrə köçürülmə üçün sənədlərin verilməməsi ilə bağlı iddialara cavab olaraq bildirildi ki, bütün müraciət etmiş tələbələrə müvafiq sənədlər təqdim olunub: “Köçürmə tələbənin müəyyən çərçivədə hüququdur, transkriptin verilməməsindən söhbət gedə bilməz, sadəcə, işçilər məzuniyyətdə olduqlarından bir qədər ləngimə baş vermişdi, bu da aradan qaldırıldı. İstənilən halda diqqətinizi bir məsələyə yönəltmək istərdik ki, dövlətin tələbələrin köçürülməsi ilə bağlı yaratdığı şəffaf mühitdən bəzi işbazlar öz məqsədləri üçün istifadə edirlər. Bu çirkin mexanizmə qarşı mübarizə aparılmalıdır”.
Günel CƏLİLOVA