2022-2023-cü il tədris ilində Azərbaycanda tətbiq olunacaq yeni məktəbli formalarının ilkin qiymətləri məlum olub. Bu barədə AzTV-nin hazırladığı süjetdə məlumat verilib.
Qeyd edilib ki, yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif olunur. Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva yeni məktəbli formalarının ilkin qiymətləri barədə danışıb: “İkili məktəbli formalarının qiyməti 30 AZN-ə yaxın olacaq. Üçlü və dördlü dəst olacaqsa, qiymət 55-65 manat arasında dəyişəcək”.
Yeni məktəbli formalarının hazırlanması artıq ictimaiyyət arasında müzakirə olunur.
Qeyd edək ki, bir çox ailədə iki və ya üç uşaq təhsil alır. Formanın dəyişdirilməsi valideynləri əlavə xərcə salır. Bir çox halda böyük uşaqdan sonra həmin məktəbli forması digər ailə üzvlərinə istifadə üçün verilir. Həmin geyimin dəyişdirilməsi isə valideynləri əlavə xərcə salır. Məlumat üçün bildirim ki, Azərbaycanda 1,6 milyon şagird var. 74 min ailədə 2 və ya daha artıq şəxs məktəbdə təhsil alır. Formanın dəyişdirilməsi nə qədər ailəni əlavə xərcə salacaq.
Maraqlıdır, məktəbli formaları üçün müəyyən olunan qiymət əlverişlidirmi?
“Məktəbli formasının qiyməti həqiqətən də 30-65 manat civarında dəyişirsə, hər kəs üçün əlverişlidir”
Təhsil eksperti Elşən Qafarov bildirdi ki, məktəbli formalarının qiyməti olduqca uyğundur: “Burada əsas məsələ formanın keyfiyyətidir. Bu, şagirdin gigiyenik baxımdan sağlamlığı üçün vacib şərtdir. Digər tərəfdən, əgər qiymətlər həqiqətən də 30-65 manat civarında dəyişirsə, çox ucuzdur və hər kəs üçün əlverişlidir. Düşünürəm ki, hər kəs bu formaları ala bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dövlət narazılıq olmaması üçün sosial cəhətdən həssas olanların, müharibə vetaranlarının, qazi və şəhid ailələrinin məktəbli övladlarının forma ehtiyaclarını qarşılayarsa, məktəblərin böyük bir hissəsinin forma problemi həll olunar.
Günel CƏLİLOVA