Əvvəllər aparıcıların danışığı, davranışı cəmiyyət üçün bir örnək idi. Çox təəssüf ki, biz müasir aparıcıların əksəriyyətinin timsalında bunu görə bilmirik. İndi aparıcıların əksəriyyətində şitlik, kobudluq müşahidə olunur. Bu nədən qaynaqlanır, bilmək olmur. Məlumdur ki, son dövrlər televiziya aparıcıları arasında qəribə “xəstəlik” yaranıb.
Aparıcıların verilişə dəvət etdikləri qonaqları təhqir etmələri artıq dəbə, ənənəyə çevrilib. Təəssüflər olsun ki, müsahibini, qonağını təhqir edən aparıcıya hər hansı formada cəza verən yoxdur. Sanki bu kimi hallar bir normaya çevirilməkdədir.
Bu günlərdə aparıcı Azər Zahidin də belə hərəkətə yol verdiyi, hətta qazini təhqir etdiyi barədə məlumat yayılıb. Belə ki, aparıcı müharibə iştirakçıları ilə görüşüb, onlara müəyyən məbləğdə pul ianə edib. Lakin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pulu verərkən “sən onsuz da saya bilməyəcəksən” deyib. Qazi isə öz növbəsində A.Zahidin ondan üzr istəməli olduğunu deyib və son məlumatlara görə, aparıcı qazidən üzr istəyib. Bu öz yerində.
Amma son zamanların hadisələri göstərir ki, sanki bəzi aparıcılara qoruq-qaytaq yoxdur.
Teleaparıcı da qazini, yaxud başqa bir qonağı təhqir edərmi? Buna qarşı nə tədbir görülməlidir?
“...Aparıcıların davranışlarına qarşı ictimai qınaq olsa da, aidiyyəti qurumlar tədbir görmür”
Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupunun rəhbəri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu olduqca ciddi və narahatedici məsələdir. Son vaxtlar bu kimi mənfi halların az qala zorla normaya çevirildiyinin müşahidə edildiyini deyən M.Göyüşlünün sözlərinə görə, xüsusən də qazilərlə bağlı yanlışlıqlara yol verilir, bu isə qəbuledilməzdir. “Çox təəssüflər olsun ki, son zamanlar qazilərimizə məmurlar, aparıcılar, hətta jurnalistlər tərəfindən bəzən bir növ sayğısızlığın göstərildiyi müşahidə edilir. Bu çox çox üzücü bir haldır. Bir aparıcının bir qazini təhqir etməsi çox ağrıdıcı bir xəbərdir. 44 günlük Vətən müharibəsində bizim gözlərimiz qəhrəman oğullarımıza dikildi, onlar torpaqlarımızı azad edərək ya şəhid, ya qazi oldular. Biz xalq olaraq şəhidlərimizin ruhuna və qazilərimizə borcluyuq. “Onlara borcluyuq” sözünü yalnız söz xatirinə deməməliyik, bu özünü əməldə göstərməlidir. Aparıcının qazimizə qarşı bu şəkildə davranmasını şiddətlə qınayıram. Hesab edirəm ki, bu çox böyük hörmətsizlikdir. Qazilərə münasibətdə həssas olmaq, hər hansı bir səhvə görə üzr də istəmək lazımdır”.
O ki qaldı digər aparıcılara, M.Göyüşlü qeyd etdi ki, biz əvvəllər də televiziya aparıcılarının bəzi yanlış davranışları ilə qarşılaşmışıq. “Təəssüf ki, bu cür aparıcıların davranışlarına qarşı ictimai qınaq olsa da, aidiyyəti qurumlar tədbir görmür. Görünür ki, cəzasılıq mühiti aparıcıları müsahibinə, qonağına qarşı xoşagəlməz davranışlar sərgiləməyə həvəsləndirir. Bir aparıcı etdiyi hərəkətə görə cəzasız qalırsa, başqa birisi də onun hərəkətini təkrar etməyə maraq göstərir. Bu nə aparıcı etikası, nə mənəvi cəhətdən doğrudur, ciddi bir yanlışlıqdır. Eyni zamanda bu, aparıcıların zəifliyi və onsuz da məhdud olan auditoriyalarının daha da daralmasıdır, azalmasıdır...”
İradə SARIYEVA