“Pensiya yaşına çatmağa az qalmış işçilərin ixtisar yolu ilə işdən azad edilməsi və ya onların işə qəbul edilməsindən imtina olunmasının qarşısının alınması ilə bağlı xarici ölkələrin təcrübəsi əsas götürülməklə qanununverciliyə əlavə ve dəyişikliklərin edilməsini zəruri hesab edirəm".
Bunu Ombudsman Səbinə Əliyeva "Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu" mövzusunda ictimai müzakirədə deyib.
Ombudsman bildirib ki, bu problemin həlli ilə bağlı pensiya yaşına müəyyən müddət qalan şəxsin əmək müqaviləsinin ləğv edilməsini qadağan edən müddəaların qanununvericilikdə tətbiq edilməsi, bundan başqa Əmək Məcəlləsi və İnzibati Xətalar məcəlləsində müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədə müvafiqdir.
Qeyd edək ki, uzun illərdir pensiya yaşına az qalmış şəxslərin işdən azad olunması problemi yaşanır. Ombudsmanın məlum problemlə bağlı təklifi müsbət qarşılanır.
“Pensiya yaşı tamam olmayan şəxslərin işdən çıxarılma məsələsinin üzərində ciddi dayanılmalıdır”
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bizimlə söhbətində bildirdi ki, pensiya yaşına çatmayan şəxslərin işdən çıxarılması əmək hüquqlarının pozulmasıdır: “Ümumiyyətlə, Azərbaycanda əmək hüququ deyilən bir şey yoxdur. Özəl sektorda çalışanların əmək hüququ kobud şəkildə pozulur. Demək olar ki, həmin yerlərdə “quldarlıq quruluşu” hökm sürür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar işə götürülmə prosesində ancaq gənclərə üstünlük verilir: “Hətta orta yaşlı nəslin nümayəndələri belə işə götürülmür. Halbuki, orta və yaşlı nümayəndələri daha təcrübəlidir. Xarici ölkələrdə bu kateqoriyadan olan işçilərə daha çox üstünlük verilir. Ümumiyyətlə, əmək münasibətləri ilə bağlı qayda-qanun kağız üzərindədir. Ona əməl olunmur. Pensiya yaşı tamam olmayan şəxslərin işdən çıxarılma məsələsinin üzərində ciddi dayanılmalıdır. 25-30 il işləyib, pensiya yaşına qısa müddət qalan ərəfədə işçini işdən çıxaran qanun qarşısında cavab verməlidir. Işçilər öz hüquqlarını qorumalıdır, onları işdən çıxaran şəxsi məhkəməyə verməlidirlər”.
Günel CƏLİLOVA