Xəbər verdiyimiz kimi, iyulun 18-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi başlayıb. Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı bir sıra kateqoriyadan olan uşaqlara qəbul zamanı üstünlük hüquqları veriləcək.
Həmin kateqoriyaya aşağıdakı qrupları aiddir:
- şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;
- tək işləyən valideynlərin övladları;
- I və II qrup əlillərin övladları;
- hərbi xidmətdə olan valideynlərin övladları;
- təhsilalan anaların övladları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
qəyyumluqda olan uşaqlar.
Bağçalara uşaqların qəbulu ilə bağlı təyin olunan meyarların müəyyən həssas kateqoriyalar üzrə bölünməsi narazılıqla qarşılanır. Iddia olunur ki, qəbul prosesində ən başlıca kriteriya olaraq hər bir kəsin yaşadığı ərazi üzrə bağçalara müraciət etməsi olmadığı üçün bu hal rüşvətə səbəb olacaq.
“Qəbul prosesində ən başlıca kriteriya olaraq hər bir kəsin yaşadığı ərazi üzrə bağçalara müraciət etməsi daha məqsədəuyğundur”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bağçalara şagirdlərin qəbulu ilə bağlı təyin olunan meyarların müəyyən həssas kateqoriyalar üzrə bölünməsi düzgün deyil: “Bağçalara qəbul prosesində bəzi kateqoriyadan olan uşaqlara üstünlük verilir. Bu doğru deyil. Çünki hər bir valideyn övladının təhsil almasını istəyir. Təhsilin müxtəlif pillələrində bunun təmin olunması dövlətin əsas prioritetlərindən olmalıdır. Qəbul prosesində ən başlıca kriteriya olaraq hər bir kəsin yaşadığı ərazi üzrə bağçalara müraciət etməsi daha məqsədəuyğundur. Bağçalara qəbul prosesində korrupsiya məsələləri hər zaman mövcud olub. Hazırda da xüsusi meyarların ortaya atılması müəyyən mənada daha genişmiqyaslı korrupsiyaya yola açacaq. Təhsil Nazirliyi tərəfindən bağçalara ilkin qeydiyyat prosesinə start verilib. 22 iyul tarixindən etibarən Mingəçevir, 26 iyul Bakı, 2 avqustdan etibarən isə digər regional təhsil idarələrinin tabeliyində olan rayonlar üzrə müraciətlər qeydə alınır. Ancaq məyusedici məqam ondan ibarətdir ki, prosesin başlamasına qədər hələ də köhnə icra hakimiyyətinin idarəetmə dövründə bağçalarda aparılan qəbul prosesi baş tutub və yerlər, demək olar ki, tutulub. Valideynlər müraciət zamanı tək-tük yerlərin boş olduğunu görəcək. Bu da o deməkdir ki, köhnədən qalan ənənəvi metod həyata keçirilir”.
Günel CƏLİLOVA