“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda uşaq ölümü üzrə müvafiq göstəricinin hər il 0,1 vahid azaldılaraq dövrün sonuna 10,5-ə düşməsi təmin ediləcək.
Sənəddə bildirilib ki, uşaq ölümü (5 yaşadək uşaqlar), (hər 1000 nəfər diri doğulanların ümumi sayına nisbəti 11,1-dir (2020-ci il). Uşaq ölümü üzrə müvafiq göstərici 11-dir. Yeni sərəncamla Azərbaycanda uşaq ölümlərinin sayı azalacaq.
"…bölgələrdə uşaqların daha çox xəstələnməsi tibbi xidmətin təşkili ilə əlaqədardır"
Həkim pediatr Aynur Əliyeva qeyd etdi ki, yeni sərəncam sayəsində Azərbaycanda uşaqların sağlıq məsələləri ilə bağlı problemlər azalacaq: "Məlumat üçün qeyd edim ki, uşaq ölümləri daha çox bölgələrdə qeydə alınır. Bölgələrdə uşaqların daha çox xəstələnməsi tibbi xidmətin təşkili ilə əlaqədardır. Bu, həm hamiləliyin patoloji keçməsi və həmin bölgədə olan tibbi xidmətin səviyyəsindən asılıdır. Həmçinin uşağın ana bətnində olarkən keçirdiyi və ya doğuşdan sonra qazanılan hər hansı bir xəstəliklə də bağlı ola bilər. Bundan başqa, rayon yerlərində qohum evlilik çox olur. Bu səbəbdən də baş verə bilər. Yəni birmənalı şəkildə konkret bir səbəb demək çətindir. Bilirsiniz, məncə bu məsələ araşdırılmalıdır. Çünki statistikanı verirlər, amma səbəbini konkret olaraq açıqlamırlar. Belə olan halda, müxtəlif səbəblər irəli sürmək olar”.
Həmsöhbətimiz hesab edir ki, yeni sərəncam sayəsində bu sahədə yaşanan problemlər həll olunacaq.
Günel CƏLİLOVA