Son illər respublikamızın hər yerində genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Azərbaycanda təbiətin mühafizəsi, ətraf mühitin qorunması istiqamətində məqsədyönlü iş aparılır. Lakin görülən işlərə baxmayaraq, bəzi şirkətlər yaşıllıqları məhv etməklə məşğuldur.
Bu günlərdə sosial şəbəkədə Cəlilabad rayonu Çaxırlı kəndində yerləşən meşədə ağacların kəsilməsi ilə bağlı məlumat yayıldı. Bildirilir ki, buna səbəb kənd ərazisində təbii qazın olmamasıdır: “Hər il bu meşədə ağaclar azalır. Ətraf kəndlərdə və eləcə də Çaxırlı kəndində təbii qaz olmadığı üçün əhali buradakı ağacları kəsib istifadə edir”.
XXI əsrdə mavi qaz olmadığı üçün vətəndaşlar ağac kəsməklə öz problemlərini həll edir. Qeyd edək ki, qanunsuz ağac kəsilməsi ilə bağlı cəzalar müəyyən edilib. Lakin bəzi şəxslər həmin pul cəzasını heçə sayaraq təbiəti məhv etməklə məşğuldur.
“Təbiətə qəsd edənlər cəzasız qalanda bu əməllərini daha da genişləndirirlər, bu səbəbdən də….”
Ekoloq Flora Hacıyeva qeyd etdi ki, həmin şəxslər ağacları kəsməklə insanların ömrünü azaldırlar. Cərimələr isə azdır. Təbiəti oksigenlə təmin edən bir ağacın qiyməti ən azı 50-100 min arasında dəyişir: “Kəsilən ağacların sayı 20-dən çoxdursa, bu, bu neçə milyon ziyan deməkdir. Bir şitili yetişdirmək üçün ona ən az 5 il qulluq etmək, diqqətdə saxlamaq lazımdır. Yoxsa mal-qara, yoldan keçən əzib məhv edir. Hündürlüyü 15-20 metrə çatan ağac isə 10 nəfəri oksigenlə təmin edir. Bir ağacın kəsilməsi ilə neçə-neçə insanı oksigensiz qoyurlar”.
Ekspert onu da əlavə etdi ki, xarici ölkələrdə bir ağacı kəsən şəxs əlavə yüzlərlə ağac əkməyə məcbur edilir: “Bunu nəzərə alaraq, ağac kəsmək niyyəti olan şəxs bütün qaydaları götür-qoy edir, ondan sonra addım atır. Bizdə isə ancaq pul qazanmağı düşünür, amma təbiətə milyonlarla ziyan vurduqlarını fikirləşmirlər”.
Ekoloqun sözlərinə görə, “Ətraf mühitin mühafizəsi haqqında” qanunun konkret maddələri pozulur, bu halın qarşısının alınması üçün də ciddi tədbirlər görülməlidir. Təbiətə qəsd edənlər cəzasız qalanda bu əməllərini daha da genişləndirirlər. Bu səbəbdən də təbiəti məhv edənlər sərt şəkildə cəzalandırılmalıdır: “Əhali ağac kəsmə səbəbini qazın olmaması ilə əlaqələndirir. Aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlamalı və təbiətin məhv olmaması üçün həmin kəndə qazın verilişi bərpa olunmalıdır”.
Günel CƏLİLOVA