Mətbuatda yayılan məlumata görə, “Dərnəgül” metro stansiyası ətrafında 2-ci Qarabağ şəhidlərinin xatirəsinə salınmış park “BakuBus” sürücüləri tərəfindən tualet kimi istifadə edilir. Bu barədə Gələcək Azərbaycan Partiyasının Mərkəzi İcra Aparatının sədri Rəşid Nazim sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edilir ki, “Dərnəgül” metro stansiyası ətrafında 2-ci Qarabağ şəhidlərinin xatirəsinə salınmış park Bakı Nəqliyyat Agentliyinin və “BakuBus” rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində sürücülər tərəfindən tualet kimi istifadə olunur: “Bu ərazidən iy və qoxudan gedib-gəlmək mümkün deyil, ayıbdır. 21-ci əsrdə yaşayırsınız. İndi nə nar ağacının altında çimilən, nə də ki, kol dibinə oturulan zaman deyil. Orada bir tualet düzəltmək o qədər çətin işdir? Məlumat üçün deyim ki, (sözügedən ərazi) 3, 88 və 93 nömrəli marşrutların son dayanacağıdır”, - paylaşımda bildirilib.
Mais Ağayev: “Paytaxt ərazisindəki son dayanacaq məntəqələrinin heç birində sürücülər üçün tualet yoxdur”
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, paytaxt ərazisindəki son dayanacaq məntəqələrinin heç birində sürücülər üçün tualet yoxdur: “Bu, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində olan məsələ deyil”.
Pərvanə Mustafayeva: “Hansısa müəssisənin işçiləri parkdan tualet kimi istifadə edirsə, bu qanunsuzluqdur”
Həkim ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, bu gün şəhərin istənilən yerində müasir standartlara cavab verən parklar, istirahət mərkəzləri açılır: “Həmin parklara insanlar dincəlmək, istirahət etmək üçün gedir. Hansısa müəssisənin işçiləri parkdan tualet kimi istifadə edirsə, bu qanunsuzluqdur. Sürücülərin 2-ci Qarabağ şəhidlərinin xatirəsinə salınmış parkdan tualet kimi istifadə etməsi utancvericidir. Yaxşı olar ki, avtobus sahibi sürücülərin təbii ehtiyacını ödəmək üçün hansısa bir yerdə xüsusi tualet düzəltsin. Bu işdə məsuliyyət marşrut sahibinin üzərinə düşür. Insanların gəlib-keçdiyi yerdən tualet kimi istifadə olunması düzgün deyil. Xəstəliklərin tuğyan etdiyi bir dövrdə parkdan tualet kimi istifadə etmək nə deməkdir? Aidiyyəti qurumlar bu məsələyə əncam çəkməlidir”.
Günel CƏLİLOVA