Məlum olduğu kimi, 90-cı illərdə Azərbaycanda əksər rayonlarda işıq fasilələrlə verilirdi. Kəndlərin çoxuna qaz çəkilməmişdi. Bunun da səbəbi bəlli idi. SSRİ dağılmışdı, ölkə yeni müstəqillik ələ etmişdi.
Bununla yanaşı, Ermənistanla qanlı müharibə nəticəsində ərazilərimiz işğal altına düşdü, 1 milyon qaçqın və məcburi köçkünün olduğu bir ölkədə belə problemlərin olması təbii idi. Neft pulları ölkəyə daxil olduqca böyük infrastruktur layihələri həyata keçirildi. O cümlədən, elektrik xətləri yeniləndi, rayonlar qazlaşdırıldı. Ancaq buna baxmayaraq, hələ də bəzi bölgələrdə işıq, qaz problemi yaşanır.
Belə bir vəziyyət Astara rayonunun Marzəsəy kəndində yaşanır. Kənd sakini Aslan Babayev “Bakı-Xəbər”ə müraciət edərək bildirir ki, Qarabağ döyüşçüsüdür. Müharibə iştirakçısı qeyd edir ki, yaşadığı məhəllədə 30-a yaxın yaşayış evi var. Buna baxmayaraq, kənddə işıq problemi yox dərəcəsindədir: “İşıq o dərəcədə zəif verilir ki, texniki əşyalar, yəni televizor və soyuducu çalışmır. İşıq problem ilə yanaşı kənddə qaz problemi də var. Məlumat üçün bildirim ki, kəndə hələ qaz xətti çəkilməyib. Kənd sakinləri qaz və işıq probleminin həlli ilə bağlı çıxılmaz vəziyyətdə qalıb”.
“Turizm baxımından vacib əhəmiyyət kəsb edən kəndlərdə bir sıra sosialyönümlü problemlərin olması ümumiyyətlə qəbuledilməzdir”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, əhalisi çox olan kəndlərlə bağlı xüsusi proqram olmalıdır: “Turizm baxımından vacib əhəmiyyət kəsb edən kəndlərdə bir sıra sosialyönümlü problemlərin olması ümumiyyətlə qəbuledilməzdir. Elə kəndlər var ki, rayon mərkəzindən uzaqda yerləşir. Onlardan biri də Marzəsəy kəndidir. Bu kəndlərin nəinki elektirik-qaz təminatı pis vəziyyətdədir, heç o kəndlərin düz-əməlli yolları belə yoxdu. XXI əsrdə yaşayırıq, amma kəndlərdə işıq dirəklərinin bir qismi çürümüş ağacdandır. Aydın məsələdir ki, belə olan halda küləkli-yağmurlu havada dayanıqli elektrik təchizatından söhbət gedə bilməz. Məgər rayon rəhbərliyi bunları bilmir? Çox yaxşı bilir, sadəcə əhaliyə əzab verməkdən zövq alırlar”.
Günel CƏLİLOVA