Son illərdə çap olunan dərsliklərin əvvəlki nəşrlərlə müqayisəsində ziddiyyətlər tez-tez ortaya çıxır. Bununla bağlı paytaxt və bölgə məktəblərində fəaliyyət göstərən fənn müəllimləri narazılıqlarını bildirirlər. Tarix müəllimləri haqlı olaraq qeyd edirlər ki, ümumi təhsil məktəbləri üçün nəzərdə tutulan ənənəvi tarix dərslikləri ilə kurikulum standartları əsasında çap olunan dərsliklər arasında üst-üstə düşməyən məqamlar çoxdur.
Qeyd etdiyimiz kimi, daha çox narazılıq tarix dərsliyi ilə bağlıdır. Ekspertlər bildirir ki, tarix dərslikləri hazırlanarkən yaş psixologiyası nəzərə alınmır.Aşağı siniflər üçün tarix fənni dərslikləri çətin, yuxarı siniflər üçün isə maraqsızdır. Qeyd edilir ki, səhvlər, əsasən tarixi faktlar, hadisələr, şəxs adları, dövlətlərin yaranma tarixləri ilə bağlıdır. Əksər müəllimlər dərsə başlamazdan öncə konkret mövzu üzrə hazırlaşmırlar. Ona görə də, belə hallar fənni tədris edən müəllimdə çaşqınlıq yaradır.
Mütəxəssislərin fikrincə, orta məktəblərdə hazırki tarix dərsliklərinin fəlsəfəsi və strukturu düzgün deyil. Bu kitablar sadədən mürəkkəbə doğru və ya bugündən keçmişə prinsipi əsasında yazılmalıdır.
Ümumiyyətlə, orta məktəblərdə tarix dərslikləri necə hazırlanmalıdır?
“Milli ideologiyamızla bağlı olduğu üçün tarix dərsliklərinin hazırlanması bir neçə mərhələdən keçməlidir”
Təhsil eksperti Elşən Qafarov bildirdi ki, orta məktəb dərslikləri hazırlanarkən yaş psixologiyası nəzərə alınmayıb: “Xüsusilə milli ideologiyamızla bağlı olduğu üçün tarix dərsliklərinin hazırlanması bir neçə mərhələdən keçməlidir. Dərsliklərin hazırlanması prosesində aparıcı ölkələrin təcrübəsindən də faydalanmaq mümkündür.
Yaxşı olar ki, tarix kitablarında məzmun, dizayn və mövzulara yanaşma dəyişikliyi olsun”.
Günel CƏLİLOVA