Xəbər verdiyimiz kimi, iyulun 18-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi başlayıb. Ancaq Təhsil Nazirliyinin rəsmi saytının işləməməsi valideynlər arasında narazılığa səbəb olub.
Valideynlər övladını bağçaya yazdırmaq üçün elektron sayta daxil ola bilmir.
“Nazirliyin saytının elektron qeydiyyata hazır olmaması valideynlərə gərginlik yaşatmaqla yanaşı, qurumun fəaliyyətindəki çatışmazlıqları da üzə çıxarıb”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, nazirliyin saytının elektron qeydiyyata hazır olmaması valideynlərə gərginlik yaşatmaqla yanaşı, qurumun fəaliyyətindəki çatışmazlıqları da üzə çıxarıb: “Təhsil Nazirliyinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu prosesi ilə bağlı səriştəsizliyi əsəbləri tarıma çəkir. Problemin başlıca səbəbi odur ki, sistemi quran informasiya təhlükəsizliyi (İT) mütəxəssisi işə məsuliyyətsiz yanaşıb. Çünki server öncədən sazlanmalı və daha sonra bu barədə ictimaiyyətə məlumat verilməli idi. Prosesə start verilsə də, saytda qeydiyyatdan keçmək mümkün deyil. Saytda fərdi identifikasiya nömrəsinin daxil edilməsi qeyd olunsa da, sistem tərəfindən şəxsə məxsus olan bir neçə identifikasiya nömrəsinin olduğu bildirilir və onlardan birinin seçilməsi tələb olunur. Baxmayaraq ki, seçim imkanı da verilməyib. Əslində, identifikasiya nömrəsi şəxsidir və bu məsələdə seçim qoyulması gülüncdür. Bu gün yüzlərlə valideyn çətinliklə üzləşərək öz etirazlarını bildirdi. İnsanları bu şəkildə incitmək, mənəvi gərginlikdə saxlamaq olmaz”.
Günel CƏLİLOVA