30 il işğal altında qalan əzəli yurd yerimiz Qarabağın azadlığı ilə nəticələnən 44 günlük Vətən müharibəsi şanlı tariximizin unudulmaz səhifəsinə çevrildi. Bu tarixi öz qanı bahasına yazan qəhrəmanlardan biri də Mirməhəmmədəli Tərlan oğlu Rzazadədir. Qalib şəhidin doğum günündə adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimi keçirildi.
Dövlət Himini oxundu, Vətən yolunda can qoyan, müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Daha sonra ata ocağında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış etdi: - Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqların azad olması, ölkə vətəndaşların suveren hüquqların bərpası, eləcə sərhədlərə tam nəzarət edə bildiyimiz üçün şəhidlərə borcluyuq. Mirməhəmməd Rzazadə də həmin şəhidlərin cərgəsində durur. Onun müharibə meydanda göstərdiyi rəşadəti ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb. Bir ailənin övladı kimi Vətənin müdafiəsinə qalxan Mirməhəmmədəli kimi qəhrəman övladlarımız bütün xalqın övladı, əzizi kimi daim qəlblərdə yaşayacaqlar. Biz Vətən şəhidlərin xatirəsinin yad olunması və adının əbədi qalması istiqamətində atılan bütün addımları təqdirəlayiq hesab edirik. Həm də belə təşəbbüslərin gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm əhəmiyyəti vardır.
Şəhidimizin anası Gülbəniz Məmmədova çıxışında bildirdi ki, oğlum Mirməhəmmədəli Vətəni, xalqını candan əziz tutdu. O, uşaqlıqdan vətənpərvər böyümüşdü. Onun kimi qəhrəman övladlarımız ən ali amal uğrunda canından keçməklə əbədiyaşarlıq zirvəsinə yüksəliblər, bütün şəhidlərlə qürur duyuram, oğul itkisinin ağır olmasına baxmayaraq övladımın Vətən uğrunda şəhid olması mənə təsəllidir. Bəli, Vətən bölünməz, şəhidlər ölməz. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısını daim hiss edirik, onlara həmişə minnətdarıq.
Tədbirdə məktəblilərin ifasında səslənən qəhrəman şəhidlərə həsr olunan şerlər də yüksək səviyyədə qarşılandı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü