Hər gün, xüsusilə səhər və axşam saatlarında şəhərdaxili marşrutlarda eyni mənzərə müşahidə olunur. Sərnişinlər sürücüdən kondisioneri yandırmasını tələb edir, sürücü isə işləmədiyini bildirir. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur və mübahisə düşür. Çünki istidir, xəstəsi var, körpəsi var. Bir sözlə, hazırda əksər avtobuslarda dözülməz bir hal yaşanır.
Bu hal daha çox Bakıətrafı ərazilərdə, Sumqayıtda yaşanır. Sərnişinlər iddia edir ki, sürücülər yanacağa qənaət etmək üçün kondisioneri qoşmur.
“Yanacağa qənaət etmək üçün kondisioneri işlətməmək qanunlara hörmətsizlikdir, istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, bu gün avtobusların kondisionerlə təchizi məsələsi aktualdır: “Bəzi avtobuslar istismar olunsa da, kifayət qədər köhnə modifikasiyadadır. Onlarda kondisioner sistemi ümumiyyətlə yoxdur. Belə olduğu təqdirdə, təbii ki, avtobus parkının yenilənməsi məsələsi gündəmə gəlir. Müəyyən sayda avtobuslar sifariş olunub və Azərbaycana gətirilir. Bəzi şirkətlər məsrəflərə qənaət etmək üçün soyutma sistemini işə salmırlar. Avtobuslarda kondisioner sistemi olsa da onları işlək vəziyyətdə saxlamırlar. Yalnız əhali narazı olduğu təqdirdə müəyyən mənada o sistem işə salınır. Bu xoşagələn hal deyil. İstənilən halda bu gün kimsə məsrəflərdən yayınırsa, əhalinin kəskin narazılığına səbəb olur, bu da sonradan daha ağır nəticələrə gətirib çıxara bilər. Yanacağa qənaət etmək üçün kondisioneri işlətməmək qanunlara hörmətsizlikdir, istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Ən azından, bu və ya digər şirkətə məxsus marşrut onun əlindən alınıb başqa şirkətə həvalə edilə bilər. Bakı şəhərində yay aylarında digər şəhərlərə nisbətən daha isti olur. Bunu nəzərə alaraq, iyunun 15-dən ictimai nəqliyyatda fəaliyyət göstərən bütün avtobusların kondisioner sistemi işləməlidir”.
Günel CƏLİLOVA