Son zamanlar paytaxt Bakıdan bölgələrə və əks istiqamətdə getmək istəyən vətəndaşlar çətinliklə üzləşir. Rayonlara getmək istəyən vətəndaşlar qeyd edir ki, Beynəlxalq Avtovağzal Kompleksinin mərkəzi serverlərində onlayn bilet almaq problemə çevrilib. İddia edilir ki, biletlər yalnız əl altından satılır.
Rayonlardan Bakıya gəlmək istənyənlər də bilet tapmaqda çətinlik çəkirlər. Belə olan halda sərnişinlər çarəsizlikdən taksi xidmətindən istifadə etməli olur ki, bu da onlara sərf etmir.
Məlumat üçün bildirək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində 2013-cü ilin noyabr ayından başlayaraq “onlayn” bilet satışına start verilib. “Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ qədər “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə bilet əldə edə bilərlər. “Onlayn” qaydada bilet satışında son illər artım müşahidə olunur. Vətəndaşlar əyani şəkildə deyil, onlayn şəkildə bilet almağa üstünlük verir. Son günlər rayona getmək və bölgədən paytaxta geri qayıtmaq istəyən vətəndaşların onlayn bilet tapa bilməməsi ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirildi ki, Kompleksin mərkəzi serverlərində onlayn bilet satışı prosesinin təkmilləşdirilməsi üçün texniki-profilaktik işlər həyata keçirilir: “Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və onlayn bilet satışı prosesinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq dünən saat 22:00-dan bu gün saat 00:00-a qədər texniki-profilaktik işlər həyata keçirilir. Profilaktik işlər zamanı “avtovagzal.az” saytının fəaliyyətində fasilələr yarana bilər. Yaranacaq müvəqqəti narahatlığın vətəndaşlar tərəfindən anlayışla qarşılanacağına ümid edirik".
Günel CƏLİLOVA