Orta məktəbi “5” qiymətlə bitirən məzunların heç də hamısı attestat qiymətlərini doğrulda bilmir. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Bu hal daha çox bölgələrdə müşahidə olunur.
Məlumata görə, Gəncə şəhərinin attestat qiymətləri əla olan abituriyentlərindən 15,56%-i qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib.
Etibar Əliyev: “Orta məktəbi əla qiymətlə bitirən məzunların heç də hamısı ali məktəbə qəbul zamanı gözlənilən nəticəni göstərməyib”
Mövzu ilə bağlı fikir bildirən millət vəkili, təhsil eksperti Etibar Əliyev qeyd etdi ki, orta məktəbi əla qiymətlə bitirən məzunların heç də hamısı ali məktəbə qəbul zamanı gözlənilən nəticəni göstərməyib. Təəssüf ki, həmin abituriyentlərin bir qismi 200 baldan aşağı nəticə göstərib: “Dövlət İmtahan Mərkəzinin 2021/2022-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə baxarkən vəziyyətin hansı səviyyədə olduğunu anlamaq mümkündür. Belə ki, 2021-ci ildə Gəncə şəhərinin ümumtəhsil müəssisələrini 2593 şagird bitirib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 1120 məzunu (52,36%)-i tələbə adını qazanıb. 0-200 bal toplayan abituriyentlər 43,32 %-dir. Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 15,56%-i 200 baldan aşağı nəticə göstərib. Qeyd etdiyim bölgənin abituriyentlərinin I-IV qruplarda riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəriciləri respublikanın orta göstəricisindən aşağıdır. Fərq riyaziyyatdan - 14,01%, fizikadan-9,31%, kimyadan - 5,30%, biologiyadan - 7,15%, coğrafiyadan-13,72%, tarixdən - 1,60% təşkil edir.
Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 267,996 - ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 2,7% aşağıdır”.
Nizami Hüseynov: “Təhsil prosesində şagirdin qiymətləndirilməsi ilə qəbul imtahanında abituriyentin qiymətləndirilmə meyarları eyni deyil”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, orta məktəblərdə şagirdlərin qiymətləndirilməsi zamanı həm onun sinifdəki digər şagirdlərlə müqayisədə dərsə verdiyi cavab, həm davamiyyəti, həm də tərbiyəsi nəzərə alınır. Təhsil prosesində şagirdin qiymətləndirilməsi ilə qəbul imtahanında abituriyentin qiymətləndirilmə meyarları eyni deyil. Ali məktəbə qəbulda toplanan yüksək bal repetitor hazırlığının nəticəsidir, çünki orta məktəbin biliyi ilə ali məktəbə qəbul olmaq mümkün deyil. Orta ümumtəhsil müəssisələrində qiymətləndirmə zamanı şişirdilmə var, bu hər zaman olub və olacaq da. Şagirdlərin biliyi sinifdə birinin digəri ilə müqayisəsi əsasında və 5 ballıq şkala ilə qiymətləndirilir.
Günel CƏLİLOVA