Kassa çeklərindəki mürəkkəbin tərkibində “Bisfenol A” maddəsinin olduğu iddia edilib və həmin məhlulun insan sağlamlığına ciddi zərərləri ola biləcəyi aşkarlanıb. Alimlər “Bisfenol A”nın beyin inkişafının gecikməsinə, autizmə, şəkərli diabetin inkişafına gətirib çıxardığını bildirir.
Xarici mətbuatın yazdığına görə, bu maddə hormon asılılıqlı və onkoloji xəstəliklərə, sonsuzluğa, autizmə, piylənməyə və sair mənfi hallara səbəb ola bilər. Bir qədər əvvəl ekspertlər eyni narahatlığı tərkibində bisfenol-A maddəsi olan digər məhsullarla bağlı da səsləndirmişdilər. Həmin vaxt söhbət plastik su butulkaları və qida qutularından gedirdi. Ümumiyyətlə isə, bu maddə daha geniş yayılıb və onu avtomobillərin hissələrində də tapmaq mümkündür.
Ekspertlər bildirir ki, kassa çeklərindəki mürəkkəbin tərkibində “Bisfenol A” maddəsi var və həmin məhlul insan sağlamlığına ciddi zərərlidir. “Bisfenol A” beyin inkişafının gecikməsinə səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edir ki, çeklər əl və qidaya dəyməməlidir. Həmçinin onları uzun müddət saxlamaq da məsləhət deyil.
“Bisfenol A” maddəsi plastik və epoksi qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir”
Həkim ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, “Bisfenol A” maddəsi plastik və epoksi qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir. Həmçinin bu maddə qida ilə təmasda olan plastik qab, yeməklərin qablaşdırılması üçün istifadə edilən qablar, şüşə qabların metal qapaqlarında istifadə edilə bilər. İnsanların bu maddə ilə birbaşa təmasda olması bəzi narahatlıqlara səbəb olur: “Bisfenol A” nəfəs yollarına gedərsə, onun insan orqanizminə ciddi zərərləri ola bilər. Biz sözügedən çeklərə toxunduqdan sonra əllərimizi yumadan qida qəbul edəriksə, orqanizmə ziyanı ola bilər. Çeklər nəm şəkildə dəriyə nüfuz edərsə, tez bir zamanda əllər yuyulmalıdır. Əlinizi yumadığınız təqdirdə saatlarla bu maddə dərinizdə qalarsa, dərinin məsamələrindən qana nüfuz edərək beyin inkişafına, xroniki xəstəliklərin oyanmasına, şəkərli diabetlərdə şəkərin qalxmasına və s. səbəb ola bilər”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycana çeklərin 99 faizi Çindən gətirilir ki, onların da keyfiyyəti daha aşağıdır.
Günel CƏLİLOVA