Lerik rayonunun sosial problemlər ucbatından dağılmaqda olan dağ kəndlərdən biri də Bradidir. Kənd təbiətin füsunkar guşəsində yerləşsə də, əhaliyə dövlət qayğısı olmadığı üçün bradililərin həyat tərzi olduqca dözülməzdir. Acınacaqlı vəziyyətdən təngə gələn sakinlər son illər çıxış yolun yalnız kənddən baş götürüb qaçmaqda görür. Bradinin içinə girən kimi sovet vaxtı tikilən yaraşıqlı evlərin hazırkı dağılmış divarları, uçulmuş damları, kol-kos basmış həyətləri, əkilməmiş bağça-bağları sözün əsl mənasında ürək göynədir. Demək olar ki, bu yaşayış məntəqəsində cavan adam gözə dəymir. İnkişaf etmiş Azərbaycanın kiçik guşəsi olan Bradi kəndi indi qıfıllı qapıları, bir də doqqazda oturub yol gözləyən yaşlı adamları ilə “parlaq gələcəyə” doğru gedir...
Bəli, Bradi kəndi sosial problemlər məngənəsində can verir. Burada insan kimi yaşamağa adı şərait belə yoxdur. Məmurların kəndə biganə münasibəti sovet dağılandan başlanıb və davam edir. Yayda toz-torpaq, payızda palçıq əlindən qonşu qonşuya gedə bilmir. Çürümüş ağac dirəklərin ucbatından balaca külək əsəndə işıqların sönməsi adı haldır. İctimai nəqliyyatın olmaması sanki adamların əl-qolunu bağlayıb. Belə ki, rayon mərkəzinə, eləcə də ətraf kəndlərə çıxmaq ağır başa gəlir. Həm də bu səbəbdən yaşlı adamlar uzun müddət pensiya pullarına həsrət qalırlar. Yaxınlıqda bankomat yoxdur, uzağa getməyə də nəqliyyat tapılmır...
Dağ kəndi Bradinin problemləri elə aşılmaz dağ boydadır. “Mavi” qazın yoxluğu isə adamları hətta ölüm qarşısında qoyur. Artıq son illər yanacaq qıtlığından qışın şaxtasında evlərdə donanlar da olur. Əvvəllər yanacaq meşələrin hesabına tədarük edilirdi. Meşələr tükəndiyinə görə onlara əhali tərəfindən giriş qadağası qoyulub. Odunun qiyməti isə on qat bahalaşıb. Kəndə qazın çəkilişi uzun illərdir söz olaraq qalır. Bu gedişlə gələn qışda da bradililər yorğana bürünməlidir. Onu da bildirim ki, kənd ucqar dağlıq ərazi olduğu üçün burada yayın qızmar günlərində belə evləri isitməyə ehtiyac duyulur.
Bütün bunlara, eləcə də digər sosial məsələlərə görə artıq Bradidə yaşamaq ölümdür, zülmdür. Yəni Azərbaycanın dağılmaqda olan bu füsunkar təbiətli kəndinın taleyini düşünən yoxdur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü