ABŞ Türkiyəyə “Patriot” sistemləri satmazsa sabah biz ikinci bir S-400 də ala bilərik. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir deyib ki, F-35 döyüş təyyarələri Türkiyəyə təslim edilməyəcəyi halda Ankara bu sahədəki ehtiyacını başqa ölkədən qarşılayacaq.
ABŞ-a səfəri zamanı keçirilən görüşlərdə Türkiyənin S-400 raketdən müdafiə sistemləri almasının səbəblərini Amerika rəsmilərinə izah ediyini deyən M.Çavuşoğlu, bunun NATO üzvlüyünə zidd olmadığını deyib.
Çavuşoğlu alyansa üzv bəzi ölkələrdə S-300-lərin olduğunu xatırladıb. “ABŞ-a ekspertlərdən ibarət bir araşdırma qrupunun yaradılmasını, S-400-lərin F-35-lər və NATO üçün təhdid hesab olub-olmadığını araşdırmasını təklif etdik. Türkiyənin nəzarətində olacaq bir sistem necə ola bilər ki, NATO üçün təhdid yaratsın? Türkiyə suverən bir ölkə olaraq öz qərarlarını özü verməkdə davam edəcək. ABŞ hər fürsətdə sanksiyalardan danışır. Belə açıqlamalar və YPG/PKK terror təşkilatına dəstək müttəfiqlik əlaqələrinə zərbə endirir. Bunlardan imtina edilməlidir. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ölkəsinin Türkiyəyə “Patriot” satmaq məcburiyyətində olmadığını deyir. Bizim buna etirazımız yoxdur, satarsa alarıq. Əks təqdirdə başqa S-400-lər ya da başqa havadan müdafiə sistemlər ala bilərin. Ehtiyacımız olan silahları satın almaq məcburiyyətindəyik. Yaşadığımız bölgədə hər şeyin qaydasında olduğunu iddia etmək səhv olar”- Çavuşoğlu bildirib.
Çavuşoğlunun ikinci S-400 açıqlamasına Rusiyadan da reaksiya gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ankara ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyi mümkün hesab edir və buna açıqdır.
"Bilirsiniz ki, hərbi-texniki əməkdaşlıq Rusiyanın bir çox xarici ölkələrlə qarşılıqlı əməkdaşlığının vacib tərəfidir. Belə bir əməkdaşlığın həyata keçirilməsi, əlbəttə, ikitərəfli münasibətlərin inkişafının xüsusi səviyyəsini göstərir. Bu, eyni zamanda Türkiyəyə də aiddir. Rusiya açıqdır, Rusiya müvafiq imkanlara, texnoloji bacarıqlara malikdir. Və əlbəttə ki, Rusiya hərbi-texniki əməkdaşlıq imkanlarını genişləndirmək üçün fürsət axtarır. Bu, tamamilə normal prosesdir" - deyə Peskov bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya ilə S-500 zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, S-400 zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.
Qeyd edəki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan S-400 alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino isə ölkəsinin S-400 məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib: "Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin S-400 alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək".
TAHİR