Əhəd Məmmədli: “Ən başlıcası isə o, işğaldan əl çəkərək danışıqlarda konstruktivlik nümayiş etdirməlidir”
Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycanda daha çox səslənən fikir bu oldu ki, Nikol Paşinyan, mütləq mənada, öz sələflərinin səhvlərindən nəticə çıxarmalıdır. Bu səhvlər həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də Ermənistanın daxili idarəçiliyi istiqamətində yürüdülən siyasətdə yanlışlıqların olması kontekstindən nəzərdən keçirilirdi.
Hətta Azərbaycan Prezidenti belə çıxışlarında Ermənistanın yeni rəhbərliyinin nəzərinə çatdırırdı ki, onlar özündən qabaqkı hakimiyyətlərin səhvlərindən nəticə çıxarıb, həmin yanlışlıqları təkrarlamamalıdırlar. Belə olan təqdirdə maraqlı sual yaranır: Dağlıq Qarabağ problemi və ölkənin idarə olunmasında Ermənistanın köhnə rəhbərliyinin səvləri nədən ibarət olub, yəni Paşinyan konkret olaraq hansı səhvlərdən nəticə çıxarmalıdır?
Politoloq Əhəd Məmmədlinin sözlərinə görə, Paşinyandan əvvəlki hakimiyyətlərin birinci səhvləri başqa ölkənin ərazisini işğal etməkdə olub: “Hesab edirəm ki, yalnız bundan sonra Ermənistanın faciələri başlayıb. Çox kiçik əhalisi olan ölkəyə əlavə torpaqlar lazımdırmı? Təbii ki, yox. Dünyada elə ölkələr var ki, onlar doğrudan da yüksək əhali sıxlığından əziyyət çəkirlər. Əhalisi ilə ərazisinin nisbətinə görə, təbii ki, bunu Ermənistana şamil edə bilmərik. Ancaq təəssüflər olsun ki, Ermənistanın köhnə rəhbərləri zərərli ideologiyaların təsirinə düşərək, böyük Ermənistan qurmaq kimi xulyaya düşdülər. Tarixin müəyyən zamanlarında, bəzi obyektiv səbəblərə görə onlar bizim ərazimizin bir hissəsini işğal etməyə müvəffəq oldular. Amma gəlin görək, həmin siyasət Ermənistana nə verdi? Hazırda Ermənistanda ciddi demoqrafiya problemi var. Əhalinin böyük əksəriyyəti dözülməz yaşayış səbəbindən həmin ölkəni tərk edir. Ermənistan işğal altında saxladığı ərazilərdə xidmət etmək üçün əsgər tapa bilmir. Erməni anaları övladlarını orduya buraxmaq istəmirlər. Ermənistanın sabiq rəhbərlərinin Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv mövqe tutmaları səbəbindən problemin həlli on illərdir uzanır. Bütün bu müddət ərzində isə Ermənistan yalnız geriləyir. İki mühüm qonşusu ilə düşmənçilik siyasəti aparan həmin ölkə öz rəhbərlərinin ağılsız siyasəti ucbatından, faktiki olaraq, blokada şəraitində yaşamağa məhkumdur. Azərbaycanın reallaşdırdığı və böyük qazanc gətirən bütün meqalayihələrdən Ermənistan təcrid edilib. Halbuki, doğru yürüdülən konstruktiv siyasət hesabına Dağlıq Qarabağ məsələsini həll etmək mümkün olardı, bunun da nəticəsində Ermənistan regional layihələrdən yararlana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. Bu, Azərbaycanla münasibətlər normallaşmayana kimi belə davam edəcək. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Təəssüflər olsun ki, Ermənistanın Paşinyandan əvvəl olan rəhbərləri bu yolu tutmadılar. Mövcud problemi konservləşdirməklə onlar öz ölkəsi və xalqını rəzil duruma salmış oldular. Bax, bütün bu səhvlərdən Paşinyan ciddi nəticə çıxararsa, Ermənistan üçün nəticəsi yaxşı olar. Ən başlıcası isə o, işğaldan əl çəkərək danışıqlarda konstruktivlik nümayiş etdirməlidir”.
Məhəmmədəli QƏRİBLİ