Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bu gün Ermənistanın sosial-iqtisadi, diplomatik, eləcə də hərbi müstəvidə getdikcə daha böyük zərbələr alması ilə müşayiət edilməkdədir. Erməni cəmiyyəti cari ilin mayında ölkədə baş tutan hakimiyyət dəyişikliyindən sonra vəziyyətin düzələcəyinə ümid etsə də, hələlik dəyişən heç nə yoxdur. Bu isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ də yekdil mövqe sərgiləməyən baş nazir Nikol Paşinyanı da getdikcə çıxılmaz vəziyyətə salır.
Son vəziyyətin təhlili Paşinyanın iqtidara gəlişindən sonra da erməni ordusunun itkilərinin sayının artmasının, eləcə də burada baş verən qanunsuzluqların cəmiyyətdə böyük narazılığa yol açdığını göstərir. Məlumat üçün bildirək ki, təkcə rəsmi məlumatlar əsasında hazırlanan statistika 2018-ci ilin yanvar-sentyabr aylarında Ermənistan silahlı qüvvələrində 44 ölüm hadisəsinin qeydə alındığını üzə çıxarıb. Qeyri-rəsmi statistika isə itkilərin sayının bundan ən azı iki dəfə çox olduğunu göstərir. Bu itkilərin bir çoxu düşmən təxribatlarına ordumuzun verdiyi cavab tədbirləri nəticəsində qeydə alınıb. Ancaq qanunsuzluqlar səbəbindən də itkilərin sayı az deyil. Özü də bu xüsusda meydana çıxan məlumatlar qanunsuzluqların Paşinyan dönəmində daha da tüğyan etdyini üzə çıxarır. Məsələn, məlumata əsasən, Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdə dislokasiya edilmiş hərbi birləşməsinin əsgəri Jivan Manuelyan öldürülüb.
Araşdırmalar göstərir ki, 1999-cu il təvəllüdlü Manuelyan hərbçi kəməri ilə boğularaq qətlə yetirilib. Hadisə ötən ay baş verib. Jivanın anası Mina Manuelyan hərbi hissə komandanlığının oğlunun ölümünü bir müddət ailəsindən gizli saxladığını bildirir: “Tez-tez zəng edirdi. Şikayət etməsə də, hiss edirdim ki, nədənsə qorxur, nəyisə deməyə çəkinir. Telefonuna qulaq asacaqlarından, kənardan eşidiləcəyindən qorxurdu. Tez-tez də pul istəyirdi. Hiss edirdim ki, bu pulları özü üçün istəmir, onu bunun üçün sıxışdırırlar. Sonra əlaqəmiz kəsildi. Zəng etdiyi nöməni yığdıq, hər dəfə mənə dedilər ki, Jivan xidmətdədir. Danışa bilmirdim, narahat idim. Bir gün isə evimizə məktub göndərdilər ki, oğlunuz hərbi hissənin bağında özünü asaraq intihar edib. Getdik, ekspertiza da bizə onun özünü asdığı rəyini verdi. İnanmadıq, çünki o, özünü asacaq adam deyildi”. Mina Manuelyan oğlunu əsgər kəməri ilə boğduqdan sonra cinayətə intihar donu geyindirmək üçün cəsədini asdıqlarını bildirib: “Cəsədi bizə göstərmək istəmədilər. Amma mən baxdım, onun boğazında bənövşəyi rəngə çalan enli zolaq vardı, əsgər kəmərinin dəmirləri də boynuna batmışdı. Boğazının ortasında isə nazik saman ipinin izi qalmışdı. Kürəyində işgəncə izləri qalmışdı. Oğlumu boğduqdan sonra asıblar”.
Zəbt olunmuş ərazilərdə yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrindən birində meyiti tapılan erməni əsgəri Qevork Aroyanın qətli ilə bağlı hadisə isə daha da böyüyür. Açılan cinayət işi çərçivəsində 3 erməni zabitinə qarşı ittiham irəli sürülsə də, bu, əsgərin yaxınlarını sakitləşdirməyib. Ermənistan İstintaq Komitəsi isə bildirir ki, istintaq zamanı əldə olunan yeni sübutlar əsasında Aroyana qarşı həmin hərbi hissənin digər hərbi qulluqçuları tərəfindən şiddət və təhqirə yol verildiyi müəyyənləşdirilib. Nəticədə, hərbi hissənin kiçik serjantı ölən erməni əsgəri ilə qarşılıqlı münasibəti pozmaqda və ona qarşı zorakılıq hərəkətlərinə yol verməkdə ittiham olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Hərbi hissənin digər serjantına qarşı da eyni ittiham irəli sürülərək, barəsində hərbi hissə komandanlığının nəzarəti altında saxlanmasına dair qərar çıxarılıb. Vəzifə öhdəliyini düzgün şəkildə yerinə yetirməməsi, baş verənlərə laqeyd yanaşması, həmçinin, ölən erməni əsgəri Aroyanın ünvanına təhqiramiz ifadələr işlətməsinə görə bölük komandirinə qarşı da ittiham irəli sürülərək o həbs edilib. Xatırladaq ki, oktyabrın 1-də Qevork Aroyan naməlum şəraitdə ağır güllə yaraları alıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İstintaq nəticəsində onun şiddətə məruz qaldığına görə intihar etdiyi üzə çıxıb. Amma yuxarıda qeyd olunduğu kimi, əsgərin validyenləri qeyd olunanlarla razılaşmır. Bu səbəbdən əsgərin qohumları və yaxınları Gümrüdə kilsənin qarşısında etiraz aksiyası keçirib. Onlar Ermənistan müdafiə naziri David Tonoyanın, qondarma “DQR-in müdafiə naziri” Levon Mnatsakanyanın və “prezident” Bako Saakyanın istefasını tələb ediblər.
Aksiya keçirənlər bildirir ki, Qevork özünü öldürməyib, onu yaxın məsafədən atəş açmaqla öldürüblər. Qevorkun qohumu Armen Bəyləryan qeyd edir ki, bu hadisəyə görə çoxları cavab verməlidir: “Məsələ təkcə mənim uşağımda deyil, bütün uşaqların yaşamaq haqqı var. Baş nazir Nikol Paşinyan dedi ki, bizim bütün uşaqlar bərabərdir və hamısını orduya götürəcəyik. Götürdülər, nə oldu? Biz hamımız bilirik ki, orada nələr baş verir, öz əllərimizlə uşaqlarımızı ölümə göndəririk. Ordunu rus ruletkasına çeviriblər. Qoy, bu sonuncu qurban, sonuncu uşaq olsun. Əgər bu məsələni həll edə bilmirsinizsə, açıq deyin. “Tuşonkanı” yeyən bir general Manvel Qriqoryanı tutdular, daha yeyən qalmadı? Onlar öz yerlərində qalırlar. Yenə basıb yeyirlər. Biz isə eşşək kimi öz uşaqlarımızı göndəririk ki, generallar kef çəksinlər, məşuqə saxlasınlar?”. O bildirir ki, Aroyanın anası Armine insidentdən əvvəl oğlu ilə görüşüb. Həmin vaxt uşaq bitkin vəziyyətdə olub, sifətində göyərmələr, başında çapıq varmış: “Anası deyib ki, bu saat komandirin yanına gedəcəm. Qevork deyib anacan, heç nə demə. Armine komandirin yanına getmək istəyəndə onun qarşısını kəsiblər, nəzarət-buraxılış məntəqəsində qabağına kitab qoyublar ki, valideyin öz sözlərini yaza bilər. Armine deyir ki, hərbi hissənin “zampoliti” faşist kimi başının üstündə durub, uşaq da gərgin idi və deyib ki, ana, heç bir şikayət yazma, yaz ki, hər şey yaxşıdır, minnətdaram”.
Bəyləryan deyir ki, Xocavənd istiqamətində yerləşən həmin hərbi hissədə qeyri-insani şərait hökm sürür. Bu haqda əsgərin ailəsinə başqaları da deyib. Qevork ora püşkatma ilə düşüb və çox tezliklə ailəsinə xəbər verib ki, bu hərbi hissədə nəinki xidmət etmək, sağ qalmaq da çətindir. Qevorkun ailəsi onun ölümü ilə bağlı öz araşdırmalarını aparmaq niyyətindədir. Armen Bəyləryan deyir ki, onların əlində zəruri daxili informasiya var. Xalq isə başa düşməlidir ki, kim kimdir, ordu necədir: “Kim bunu bilir ki, həmin bir həftədə 10 əsgər öldü? Bizim uşaqlarımızı azərbaycanlılar öldürmədi. Bu yaxınlarda bir vəzifəli şəxsin oğlu hərbi hissədən ayağında çəkələklə qaçıb, zabitlər onun dalınca avtomobillə düşüblər. Əsgər birtəhər Füzulidəki hərbi hissəyə çatıb və oradan kiməsə zəng vurub ki, “dayı, yalvarıram, tez gəl, məni buradan götür, yoxsa öldürəcəklər”.
Bəyləryan bildirir ki, baş verənlər barədə Paşinyanın arvadına da məktub veriblər, orada bütün təfərrüatlar göstərilib. Amma hələ reaksiya yoxdur: “Anna Akopyana da məktub vermişik, hələ də cavab yoxdur. Amma bilsinlər ki, Qarabağdakı ermənilər, Eçmiədzin, Gümrü qalxsa, hamı bu haqda danışacaq. Frankofoniyanı nəyin naminə keçirirdik? İnsanları aldatmaq üçün ki, baxın, biz necə yaxşıyıq? Bizim necə yaxşı ordumuz var? Qətiyyən belə deyil axı”. Bəyləryan bildirir ki, məsələ təkcə onun qohumunda deyil, ordudakı bütün uşaqları xilas etmək lazımdır. O, Paşinyana da müraciət edib: “Paşinyan, sən hər şeyi Gümrüdən başladın və hamı səni dəstəklədi. İndi sən bilmək istəmirsən ki, burada nə baş verir? Heç nə dəyişməyib, sən də dəyişməyibsən. Deyirlər ki, Paşinyan “həqiqi çar deyil”, biz bilmək istəyirik, sən orada həqiqisən, ya yox”. Ölən əsgərin qohumu hiddətlə bildirib ki, müdafiə naziri David Tonoyanın, Qarabağdakı "orduda" baş verənlərə görə məsuliyyət daşıyan Bako Saakyanın və Levon Mnatsakanyanın istefasını tələb edirlər. Onu da qeyd edək ki, erməni ordusunda barəsində yuxarıda bəhs edilən cinayətlərin sayı bu gün kifayət qədərdir.
Bütün bunlar bir daha göstərir ki, düşmən ordusunda acınacaqlı, qeyri-insani şərait hökm sürür. Burada söhbət nizamnamə ilə idarə olunan nizami ordudan yox, kriminal qaydalarla idarə olunan silahlı birləşmələrdən gedir. Nikol Paşinyanın hakimiyyətə gəlişi də hansısa dəyişikliyin yaşanmasına gətirib çıxarmayıb. Əksinə, vəziyyət pisləşib və bu hal Paşinyandan narazılığı daha da artırır.
O da aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan tərəfi yaxın tezlikdə müvafiq addımlar atmasa, düşmənin cəbhə zonasında itkilərinin sayı daha da artacaq. Eyni zamanda, bu vəziyyət davam etdiyi müddət ərzində erməni ordusunda qanunsuzluğun, özbaşınalığın miqyası daha geniş xarakter alacaq. Bütün bunlardan Paşinyanın da ciddi nəticələr çıxarmasına ehtiyac var. Ən azı o baxımdan ki, Qarabağ siyasətini dəyişməsə, orduda baş verənlər, xüsusən də artan itkilər Paşinyana qarşı istifadə olunan əsas məqamlardan birinə çevriləcək. Bu isə onun daha tez kreslosundan devrilməsi ilə nəticələnəcək. Digər tərəfdən erməni cəmiyyəti də aydın görür ki, Qarabağ münaqişəsindən istifadə edən erməni generalitetini maraqlandıran əsas məsələ özlərinə daha çox varidat toplamaqdır. Onları Azərbaycan torpaqlarına göndərilən əsgərlərin taleyi qətiyyən maraqlandırmır. Paşinyanın bu xüsusda vəziyyəti düzəldəcəyinə dair vədləri isə quru söz olaraq qalıb. Başqa sözlə, aydın görünür ki, Qarabağ münaqişəsinin davamı erməni ordusuna, elə erməni cəmiyyətinə hərbi sahədə də getdikcə daha çox problemlər yaradır. Vəziyyətdən yeganə çıxış yolu, Ermənistan rəhbərliyində kimin olmasından asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə getməkdir. Əks təqdirdə düşmən bütün istiqamətlərdə ağır itkilər verməyə davam edəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.