Sahilyanı ölkələr, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan Xəzər dənizi yaxın perspektivdə ABŞ və Rusiya arasında daha böyük gərginlik predmetinə çevrilə bilər. Belə görünür ki, bu gərginlik hətta hərbi müstəviyə qədər gedib çıxmaq iqtidarındadır. Buna əsas səbəb isə gələn aydan ABŞ sanksiyaları ilə üzləşəcək İranın öz neftini Xəzər vasitəsilə Rusiyaya daşıması, buradan rus nefti adı altında dünya bazarlarına çıxarmaq niyyətidir.
Aydındır ki, hadisələrin bu səpkidə inkişafı ABŞ tərəfindən heç də xoş qarşılanmayacaq. Amma ABŞ-ın buna mane olmaq üçün indilikdə Xəzərdə real imkanları da yoxdur. Bu şəraitdə bəzi ekspertlər ABŞ-ın Qazaxıstana məxsus “Aktau” və “Kurık” limanlarında hərbi baza yaratmaq niyyətinin tezləşə biləcəyini bəyan edir. Xatırladaq ki, hələ bu ilin əvvəlində ABŞ hərbi qüvvələrinin “Aktau” və “Kurık” limanlarından Əfqanıstana xüsusi yüklərin daşınmasına icazə verilməsi ilə bağlı razılaşma Qazaxıstan tərəfindən ratifikasiya edilib. Elə o vaxtdan ekspertlər bu razılaşmanı fərqli yöndə şərh edirlər. Qeyd edilir ki, xüsusi yüklərin daşınması üçün “tranzit məntəqəsi” adlandırılsa da, “Aktau”da avtomatik olaraq Pentaqon və onun müttəfiqlərinin bazası olacaq. Qazaxıstanın xarici işlər naziri Karat Abdrəhmanov bildirir ki, müvafiq sənəd 2010-cu ildə imzalanıb. Sonradan ABŞ-ın istəyi ilə sənəddə dəyişiklik edilib və ora “Aktau” və “Kurık” limanlarının adları əlavə edilib. Nazir bunun Qazaxıstanın strateji maraqlarına uyğun olduğunu deyib. Onun sözlərinə görə, əslində, Rusiyanın bəzi KİV-ləri və ekspert dairələri Amerikaya məxsus qeyri-öldürücü yüklərin Qazaxıstan ərazisi üzərindən tranziti ilə bağlı heç də real və dəqiq məlumata malik deyillər. Çünki bu məsələdə söhbət Xəzər dənizində ABŞ hərbi bazasının yerləşdirilməsindən getmir: “Söhbət Əfqanıstan hökumətinə kömək məqsədilə beynəlxalq ictimaiyyət üçün çox vacib olan əməliyatların davam etdirilməsi naminə Qazaxıstan ərazisindən qeyri-öldürücü yüklərin dəmiryolu vasitəsilə kommersiya tranzitindən gedir. Aydındır ki, bu cür tranzit üçün təkcə Qazaxıstanın yox, ABŞ-dan Əfqanıstanadək nəqliyyat marşrutları üzərində yerləşən digər ölkələrin də əraziləri cəlb olunub. ABŞ və Rusiya arasında qüvvədə olan müqavilərdə nəzərdə tutulan analoji şərt və müddəalara riayət olunur. Söhbət Xəzər dənizində ABŞ-ın, yaxud digər xarici dövlətin hərbi bazasının yerləşdirilməsindən getmir”. Amma Rusiya mediası yazır ki, rəsmi Astananın dediklərinin əksinə olaraq, ABŞ-ın adıçəkilən limanlardan hərbi məqsədlər üçün istfiadəsi istənilən an reallaşa bilər. Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev isə hesab edir ki, iki limanın hərbi yük daşıması üçün Pentaqona verilməsi Xəzər dənizinin kövrək təhlükəsizlik arxitekturasını dağıda bilər: “İndiki ABŞ-Rusiya və ənənəvi ABŞ-İran qarşıdurmasını nəzərə alanda, adı “tranzit” olsa belə, ABŞ-ın Xəzərdə peyda olması Rusiya və İranı qıcıqlandıracaq”.
Moskva artıq bəyan edir ki, Xəzərdə sahilyanı ölkələrdən başqa dövlətlərin hərbi qüvvəsi peyda ola bilməz və bu, yenicə imzalanmış Xəzər konvensiyasında da öz əksini tapıb. Digər tərəfdən, belə bir vaxtda bəlli olub ki, Rusiya İrana ABŞ-ın tətbiq etdiyi sanksiyaların öhdəsindən gəlməyə imkan verəcək mexanizm yaratmağa kömək edəcək. İsrailin tanınmış "Mako.co.il" saytı İsrail Xarici İşlər Nazirliyinin (XİN) gizli sənədlərinə istinadən xəbər verir ki, İran Xəzər dənizi vasitəsilə öz neftini Rusiya neftayırma zavodlarına daşıyacaq. Yalnız bundan sonra İran nefti dünya bazarlarına Rusiya nefti kimi çıxarılacaq. Vurğulanır ki, bu plan Tehranda Rusiya, İran və Türkiyə rəhbərlərinin iştirakı ilə baş tutan üçtərəfli sammitdə təsdiqlənib. Bundan əlavə, İsrail XİN-in hazırladığı gizli sənəddə qeyd olunur ki, belə bir mexanizmin reallaşmasına Avropa da öz razılığını verəcək. Avropa ölkələri bu yolla İranın nüvə sazişindən çıxmasının qarşısını almağa çalışır.
Xatırladaq ki, bu il mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib. Birləşmiş Ştatlar avqustun 7-dən etibarən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyaları bərpa edib. Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan edilib, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılıb. İndi İranın öz neftini Rusiyaya daşıyıb buradan dünya bazarına çıxarması ABŞ tərəfindən məqbul qarşılanmayacaq. Ekspert dairələrində fikirlər səslənir ki, ABŞ Qazaxıstandakı limanlarda hərbi avadanlıqları vasitəsilə prosesi yaxından izləyə və bundan sonra cavab addımları ata bilər. Düzdür, söhbət burada ABŞ hərbi qüvvələri tərəfindən Xəzərdə hansısa hücum əməliyyatının reallaşmasından getmir. Sadəcə, həmin hərbi avadanlıqlar ABŞ-a prosesi daha rahat izləmək imkanı vermək iqtidarındadır. Məhz bundan sonra ABŞ-ın digər müstəvidə Xəzər vasitəsilə İran neftinin daşınmasına qarşı addım atması gözlənilir. Amma ABŞ-ın Xəzərə hansısa formada nəzarət imkanları Rusiyada xoş qarşılanmır və bu da onu göstərir ki, İran neftinin bu dənizlə daşınması Xəzəri ABŞ və Rusiyanın yeni gərginlik nöqtəsinə çevirəcək.
Nahid SALAYEV