Nəzakət Məmmədova: “Azərbaycan beynəlxalq hüquqa sadiqdir, öz əhalisinə tolerant yanaşma siyasətinə hər zaman həssaslıqla yanaşır”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib ki, Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edən müxtəlif açıqlamalar verilir, iddialar irəli sürülür: “Bunlar reallıqdan tamamilə kənardır, cəfəngiyyatdır. Xüsusilə Ermənistan rəhbərliyi tərəfindən münaqişəyə insan hüquqları donu geyindirilməsi cəhdləri və yaxud Azərbaycanın guya Dağlıq Qarabağda əhali olmadan, yalnız əraziləri istəməsi barədə fikirlər də tamamilə qəbuledilməzdir və reallıqdan kənardır. Əslində, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Azərbaycana qarşı hərbi təcavüz əməlləri həyata keçirilib. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət əməlləri törədilib ki, bunlar da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu gün Ermənistan tərəfi hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının olması faktını inkar edir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına imkan vermir: “Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, insan hüquqlarına dair bütün beynəlxalq sənədlərdə açıq və birmənalı şəkildə təsbit olunub ki, insanların hüquqlarının pozulması ilə digər hər hansı hüquqların həyata keçirilməsi tamamilə qəbuledilməzdir və bu, düzgün yanaşma deyil. İnsan hüquqlarının müdafiəsi haqqında bütün sənədlərdə təsbit olunub ki, bu hüquqlar universal xarakter daşıyır və bərabərhüquqlu şəkildə təmin olunmalıdır. Açıq şəkildə görünür ki, Ermənistanın bu cür iddiaları təcavüz faktını gizlətməkdən başqa bir şey deyil. Yerevan obyektiv reallıqdan fikri yayındırmaq, beynəlxalq ictimaiyyəti aldatmaq kimi addımlara əl atır. Ermənistan hakimiyyəti xüsusilə Frankofoniya adlı sammitin keçirildiyi əsnada beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir”.
Göründüyü kimi, Azərbaycan rəsmisi Ermənistan rəhbərliyinin daha bir saxta təbliğatının üstünü açıb. Həmin açıqlamadan belə aydın olur ki, Ermənistan rəhbərliyi xalqa yalan olaraq aşılayır ki, guya Azərbaycan Dağlıq Qarabağı əhalisiz, yalnız ərazi olaraq istəyir. Ermənistan rəhbərliyinin ortaya atdığı bu yalan taktikası hansı hədəflər üçün hesablana bilər və burada başlıca məqsəd nədən ibarətdir?
Politoloq Nəzakət Məmmədova qəzetimizə bildirdi ki, bu, Ermənistanın dünya ictimaiyyətini çaşdırmaq, aldatmaq, dezinformasiya yaymaq, yalan taktikasının bir hissəsidir: “Azərbaycan heç zaman Dağlıq Qarabağın erməni əhalisini oradan deportasiya etmək fikri səsləndirməyib.
Əksinə, hər zaman onları Azərbaycan vətəndaşı hesab etdiyini, digər vətəndaşlarla birgə hüquqlar verməyə hazır olduğunu, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı halda isə Dağlıq Qarabağa dünya təcrübəsində ən yüksək muxtariyyət verilə biləcəyini bəyan edib.
Azərbaycan heç bir zaman - nə SSRİ dövründə, nə müstəqillik dövründə Dağlıq Qarabağda deportasiya, yaxud məqsədli depopulyasiya siyasəti həyata keçirməyib və bundan sonra da keçirmək fikrində deyil. Azərbaycan beynəlxalq hüquqa sadiqdir, öz əhalisinə tolerant yanaşma siyasətinə hər zaman həssaslıqla yanaşır, heç bir etnik qrupu, o cümlədən erməniləri diskriminasiyaya məruz qoymayıb, əksinə, Azərbaycanda milli azlıq olan ermənilər titul xalqı - Dağlıq Qarabağın azərbaycanlı əhalisini soyqırıma, deportasiyaya məruz qoymuşlar”.
Politoloqun fikrincə, Ermənistan Azərbaycanı gözdən salmaq, danışıqlarda özünün qeyri-konstruktiv yanaşmasına bəraət qazanmaq, vaxt udmaq, danışıqlar prosesini uzatmaq, Dağlıq Qarabağ ətrafında hazırda mövcud status-kvonu saxlamaq və başqa məqsədlər naminə bu cür dezinformasiyalar yaymaqla dünya ictimaiyyətini çaşdırmaq yolu tutub: “Ermənistanın Azərbaycan adından yaydığı bu cür əsassız bəyanatların məsuliyyəti onu yayan tərəfin üzərinə düşür. Azərbaycan hec bir zaman nə hüquqi sənədlərdə, nə də rəsmi şəxslərin adından belə bir bəyanat səsləndirməyib.
Azərbaycan xalqının adından danışmaq hüququ olan tək ali vəzifəli şəxs Prezidentdir. Əgər Prezident hər zaman istənilən tədbirdə deyirsə ki, onlar işğalçılıq və separatizmdən əl çəksələr, biz Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarımıza ən yüksək muxtariyyət verəcəyik, deməli, bu barədə yayılan bütün digər məlumatlar əsassızdır”.
Məhəmmədəli QƏRİBLİ