Elşən Həsənov: “Ölü təşkilatın” “ölü ölkədə” keçirdiyi tədbir özü-özünü ifşa etdi”
Ermənistanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammiti gözlənilən nəticəni vermədi. Dünya bir daha gördü ki, digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əminamanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitinin keçirilməsi qərarının özü bir cəfəngiyyatdır.
Ermənistanda keçirilən tədbir, eyni zamnada, Fransa Prezidenti E.Makronla təşkilatın baş katibi Mişel Jan arasında yaranan qarşıdurma ilə də yadda qalıb. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bu yalnız əslən Kanadadan olan Mişel Jan-Makron qarşıdurması olmayaraq, eyni zamanda, Makron və Kanada Baş naziri Justin Tridönün ambisiyalarının toqquşmasıdır. Aydındır ki, müstəmləkə tarixi olan Fransa geosiyasi maraqlarının ifadəsi olan Frankofoniya Təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi. Ancaq sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür.
Diplomatiya tarixində görünməyən hadisədir ki, təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barəsində rəsmi “Twitter” hesabından açıqlama etdi. Təşkilatın baş katibi M.Jan yenidən bu posta seçkilərdə Fransa tərəfinin dəstəyini ala bilmədiyinə görə İrəvandakı sammitin açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamalar verdi.
Təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün fransız mediası baş katibin təşkilatın vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etdiyi, 500.000 avro xərcləyərək iqamətgahını təmir etdirdiyi, xarici səfərlərdə çoxlu pul xərclədiyi barəsində yazdı.
Sammitin İrəvanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək əsl biabırçılıq idi. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı. Nəticədə tam fiaskoya uğradı.
Göründüyü kimi, Ermənistanın evsahibliyi etdiyi Frankofoniya sammiti, demək olar ki, bütün aspektlər üzrə fiaskoya uğrayıb. Frankofoniya ətrafında yaranmış vəziyyət Ermənistanın bütün səy və istəklərinin puça çıxması kimi dəyərləndirilə bilərmi?
Ekspert Elşən Həsənovun sözlərinə görə, Ermənistanın bu tədbirə evsahibliyi etməsi əvvəlcədən normal qarşılanmadı: “Amma baş verən proseslər göstərdi ki, sən demə, Frankofoniya adlanan təşkilatın özünün ciddi problemləri var imiş və bu təsisat daxili intriqalar səbəbindən dağılmaq ərəfəsinə çatıbmış. Yəqin bu səbəbdəndir ki, təşkilat tədbirlərinin mahiyyət baxımından uyğun gələn və ya gəlməyən ölkədə keçirilməsinə elə də dərindən fikir verməyib. Belə olmasaydı, onlar tədbirin keçirdiyi məkan kimi Ermənistanı seçməzdilər. Aydındır ki, işğalçı bir ölkənin belə tədbirin keçirilməsində bir sıra maraqları olub. Əvvəla onlar öz işğalçılıq siyasətini yayındırmaq üçün, dünyanın gözündə özlərini tolerant göstərmək məqsədilə belə bir qərarı veriblər. Tədbir nə mahiyyət, nə də beynəlxalq mötəbərlik nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb etmədi. Toplantının əhəmiyyətini heçə endirən təkcə onun Ermənistanda keçirilməsi deyildi, eyni zamanda, uzun müddət təşkilata rəhbərlik etmiş şəxsin beynəlxalq aləmdə Frankofoniya Təşkilatını "ölü təşkilat" adlandırması idi. Düşünün ki, bir təşkilatın baş katibi rəhbərik etdiyi qurumu "ölü təşkilat", yəni əhəmiyyətsiz və mənasız bir qurum adlandırır. Məncə, artıq şərhə ehtiyac yoxdur. Hesab edirəm ki, bu, Ermənistanda keçirilən Frankofoniya sammitinə mahiyyəti üzrə verilmiş ən dəqiq və doğru qiymətdir. Dünyada monoetnik dövlət kimi tanınan Ermənistanın bu dəfə özünü multikultural və tolerant göstərmək cəhdləri də alınmadı. Necə deyərlər, “ölü təşkilatın” “ölü ölkədə” keçirdiyi tədbir özü-özünü ifşa etdi”.
Məhəmmədəli QƏRİBLİ