Məhərrəm Zülfüqarlı: “Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan böyük uğurlar insanlarda gələcək barədə nikbinlik və daxili əminlik yaradır”
Hər bir siyasi partiyanın cəmiyyətdə layiqli mövqe qazanaraq milyonların inam və etimad ünvanına çevrilməsi həm də ona rəhbərlik edən liderin idarəçilik keyfiyyətləri ilə şərtlənir. Ümummilli maraqları təmsil edən lider və onun rəhbərlik etdiyi siyasi təşkilat konkret məqsədlər irəli sürərək bunlara nail olmaq üçün ictimai şüura pozitiv təsir imkanlarından səmərəli istifadə etməyə çalışır. Xalqdan mandat alaraq hakimiyyət olimpinə yüksəlmiş partiyalar fəaliyyətləri ilə həm də fərdlərin arzu və istəklərinin real təminatçısına çevrilirlər.
Danılmaz faktdır ki, belə liderlərdən biri də Azərbaycana son 15 ildə rəhbərlik edən İlham Əliyevdir. İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində bunları deyib: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”.
Azərbaycan son 15 ildə İlham Əliyevin rəhbərliyi altında nələri əldə etdi?
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, YAP və onun lideri Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan böyük uğurlar insanlarda gələcək barədə nikbinlik və daxili əminlik yaradır: “Bu 15 il ərzində Azərbaycan əvvəlki inkişaf sürətini daha da artırdı. İqtisadi cəhətdən çox qüdrətli bir ölkəyə çevrildi. Həyatımızın bütün sahələrində bu uğurları hiss etmək mümkündür. Bununla yanaşı, biz ordu quruculuğu və iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə çevrildik. Ən böyük qazanclarımızdan biri isə ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi oldu. Mərhum prezident Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət çox uğurla davam etdirilir. Bunun da nəticəsində Azərbaycan hətta bir müddət BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv oldu. Azərbaycan bu 15 il ərzində çoxlu sayda nüfuzlu beynəlxalq tədbirə evsahibliyi etdi. Bütün bunlar Azərbaycanın inkişaf etmiş və stabil kursa malik ölkə olmasını göstərir. Cəbhədə xeyli uğurlarımız oldu. Aprel döyüşləri və Naxçıvandakı “Günnüt əməliyyatı” da məhz İlham Əliyevin prezidentliyi dönəminə təsadüf etdi. Həmin hadisələr zamanı biz xeyli torpağımızı işğaldan azad etdik. Bununla da böyük qələbəyə aparan yolun ilk müjdələrini verdik. Ramil Səfərovun həbsdən azad edilərək ölkəyə gətirilməsi, Mübariz İbrahimovun nəşinin ermənilərdən alınması kimi uğurlar da məhz İlham Əliyevin prezidentliyi dönəminə təsadüf edir. Bütün bunlar ölkədə vətənpərvərlik hisslərini gücləndirdi, həm də əhalinin dövlətə inamını artırdı. Bu illər ərzində əldə olunan uğurlardan saatlarla danışmaq olar. Bura bizim təşəbbüsümüzlə reallaşan böyük neft-qaz kontraktlarını, geniş logistik imkanlara malik olan dəmir yolu xətləri və avtomobil yollarının ərsəyə gəlməsini də əlavə edə bilərik. Əsas odur ki, İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurların dinamikasında azalma yox, artım hiss edilir. Əminliklə demək olar ki, irəlidəki illərdə bu uğurların arealı daha da geniş olacaq”.
Məhəmmədəli QƏRİBLİ