Fərəc Quliyev: “Tanınmayan qurum barəsində belə qərar qəbuledilməzdir” Ramil Hüseynov: “Heç bir separatçı quruma belə imkan yaratmaq olmaz”
Erməni mətbuatının yazığına görə, Avropa Şurası Parlament Assambleyası tanınmayan ölkələrdə insan hüquqlarının monitorinqi ilə bağlı qətnamə qəbul edib. Bu barədə AŞPA-dakı erməni nümayəndə heyətinin üzvü Samvel Fərmanyan məlumat verib. Onun sözlərinə görə, AŞPA-da 39 deputat bunun lehinə, 7 deputat isə əleyhinə səs verib.
Fərmanyanın sözlərinə görə, yalnız Azərbaycandan olan deputatlar bu qərarın əleyhinə olublar.
O da məlumdur ki, ermənilər zaman-zaman beynəlxalq tribunalardan Azərbaycanın əleyhinə çıxış edirlər, bəzən nisbi səs çoxluğu ilə hansısa qətnamələrin qəbul olunmasına nail olurlar. Bəzən də elə olur ki, hansısa qərarları təhrif olunmuş formada təqdim edirlər.
Bu arada onu da qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mətbuata açıqlamasında qeyd edib ki, AŞPA-da ikili standartlar hələ də davam edir: “Qurumda gedən proseslər buradakı ciddi məsələlərə obyektiv yanaşmaya imkan vermir. “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri bir daha göstərdi ki, Azərbaycana, Türkiyəyə qarşı AŞPA-da qeyri-obyektiv, qərəzli mövqelər mövcuddur".
Səməd Seyidov qeyd edib ki, Frank Şvabenin təqdim etdiyi məruzədə insan haqları təşkilatlarının adından istifadə edilərək, dövlətlərin ərazi bütövlüyünə müdaxilə etmək cəhdi aydın görünür. Bu, tamamilə beynəlxalq qanunlara ziddir. Müzakirə olunan sənəd əhəmiyyətsiz və AŞPA-nın nüfuzuna xələl gətirən sənəddir. “Əminəm ki, bu sənədin heç bir gələcəyi yoxdur. Qanunun aliliyini qorumaq üçün yaradılmış təşkilat dövlətlərin ərazi bütövlüyü, suverenliyi kimi ən müqəddəs prinsipləri, eləcə də beynəlxalq qanunları pozmaq cəhdini ortaya qoyur. Buna görə də Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin üzvləri buna qarşı çıxdılar”.
Bütün hallarda, sözügedən qətnamənin qəbul olunması nə dərəcədə doğrudur və ümumən bunu ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, təəssüf ki, Azərbaycana qarşı ikili standartlar hələ də davam edir: “Xristian təəssübkeşliyindən çıxış edən müəyyən dairələr ikili standartlara söykənən mövqe sərgiləyirlər. Uzun illərdir Azərbaycana qarşı Ermənistanın apardığı işğalçılıq siyasətini görmək istəmirlər. Halbuki, bununla bağlı ortada tutarlı faktlar var. Ancaq Ermənistanın təəssübünü çəkən dairələr hər vəchlə bundan yayınmağa çalışırlar. Hər vəchlə istəyirlər ki, Azərbaycanı qərəzli şəkildə ittiham etsinlər. Bütün bunların arxasında erməni təəssübkeşliyi dayanır. Hansı insan hüquqlarının monitorinqindən söhbət gedə bilər ki, Dağlıq Qarabağda bir nəfər də azərbaycanlı yaşamır?! Tanınmayan qurum barəsində belə qərar qəbuledilməzdir. Dağlıq Qarabağın ətrafında yerləşən yaşayış məntəqələri məhv edilib. Yaxşı olardı ki, qurum bu kimi məsələləri gündəmə gətirsin və bununla bağlı ortaya mövqe qoysun”.
VİP-in sədr müavini Ramil Hüseynov da bildirdi ki, AŞPA-da müəyyən dairələr ermənilərin maraqlarını müdafiə edirlər: “Erməni lobbisi öz imkanlarından istifadə edərək Ermənistanın xeyrinə qərarların qəbul olunmasına çalışır. Bir neçə il əvvəl AŞPA-nın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qərarı var. Yaxşı olardı ki, qurum bu kimi məsələlərdə diqqətli olsun. Heç bir separatçı quruma belə imkan yaratmaq olmaz .Ona görə ki, bu, gələcəkdə ciddi fəsadlara yol aça bilər”.
Vidadi ORDAHALLI