Aqşin Əliyev: “Bu onun sülhyaratma kimi üzərinə götürdüyü missiyaya aiddir”
Ermənistanın heç bir aidiyyəti olmadığı, lakin evsahibliyi etdiyi Frankofoniya adlanan tədbirdə Fransa dövlətinin maraqlı və üzərinə götürdüyü missiya ilə uzlaşmayan mövqeyi ortaya çıxır. Tədbirdə qatılan Fransanın Prezidenti Emmanuel Makron etdiyi çıxış zamanı, ümumiyyətlə, Dağlıq Qarabağ problemi və onun həlli perspektivlərinə toxunmayıb.
O yalnız ermənilərin şəninə tərif deməklə məşğul olub və onların fransızların bir hissəsi olduqlarını nəzərə çatdırıb. Sitat: “Ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir. Mən Frankofoniyanın 17-ci sammitində iştirak etmək üçün Ermənistanda olmağıma görə şadam. Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar, biz, demək olar ki, yarım həmyerlilərik. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir".
Fransanın həmin tədbir çərçivəsində buraxdığı yanlışlıq yalnız bununla yekunlaşmır. Belə ki,
Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində 9 oktyabr tarixində İrəvanda açılan “Frankofoniya şəhərciyi”ndə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. Təbii ki, bu fakt Ermənistanın işğalçı siyasətini davam etdirməsinə əyani sübutdur. Ancaq maraqlıdır ki, ATƏT-in Minsk Qrupu həmsədri olan Fransa bu məsələyə qəti etirazını bildirməyib.
Bütün bu sadalananlar ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl gətirmiş olurmu?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Fransanın bu hərəkətləri doğrudan da başadüşülən deyil: “Əvvəla həmin tədbirin Ermənistanla heç bir əlaqəsi yoxdur. İndi bir anlıq götürək ki, Ermənistanı zorla ora soxuşdurublar və ya özü soxulub. Axı bu əsas vermir ki, Fransa kimi bir ölkə ermənilərin etdiyi istənilən növ təxribata göz yumsun və ya tənqid etmək əvəzinə, onları tərifləsin. Fransadan biz əvvəllər də belə addımları görmüşük. Məsələn, onların vətəndaşları nümayəndə heyətlərinin tərkibində Dağlıq Qarabağa qanunsuz səfərlər edirdilər. Biz buna etiraz edəndə Fransa hökuməti müxtəlif bəhanələrlə fikri yayındırırdı. Qeyd edirdi ki, onlar yerli subyektlərin nümayəndələridir və həmin səfərlərin Fransanın rəsmi dairələri ilə heç bir əlaqəsi yoxdur. Bəs hazırda Frankofoniya tədbiri çərçivəsində İrəvanda baş verənlərə hansı adı verəcəklər? Həmin tədbir birbaşa Fransanın adı ilə bağlıdır. Bu səbəbdən də orada baş verən bütün neqativliklər birbaşa Fransanın ayağına yazılır. İkinci bir tərəfdən isə Fransa Dağlıq Qarabağla bağlı mövzuda neytrallığını qorumağa, obyektiv mövqe sərgiləməyə borcludur. Çünki bu onun sülhyaratma kimi üzərinə götürdüyü missiyaya aiddir”.
Məhəmmədəli QƏRİBLİ