Vüqar Qədirov: “Belə mövqe ortaya qoymaqla konstruktivlik nümayiş etdirmək mümkün deyil”
Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın Frankofoniya tədbirində etdiyi çıxışa etiraz bildirib.
Nazirliyin adından yayılan məlumatda bildirilir ki, Ermənistan baş nazirinin Frankofoniya təşkilatının açılışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi yalan və həqiqətdən uzaq fikirlər Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir: "Ermənistan baş naziri bir müddət öncə BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi bəyanatda olduğu kimi, Frankofoniya təşkilatının açılışında etdiyi çıxışında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirdi. Bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir”.
Azərbaycan XİN Ermənistan baş nazirini yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırıb: "Əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni icmasını “Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur. Əgər Ermənistan rəhbərliyi özünü demokratik adlandırırsa və sülh şəraitinin yaradılmasından danışırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun davranmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qərarlarında tələb olunduğu kimi, didərgin düşmüş insanların öz evlərinə geri dönməsinə imkan yaratmalı və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməlidir.
Azərbaycanın ərazilərinin işğalına son qoyacaq və zor gücü ilə öz evlərindən qovulmuş azərbaycanlıların işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdəki evlərinə və mülklərinə təhlükəsiz və ləyaqətlə geri dönməsini təmin edəcək real addımlar atılmayanadək Ermənistan rəhbərliyinin sülh danışıqları prosesinin irəli aparılmasına dair bütün bəyanatları yanız söz olaraq qalacaq", - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, Ermənistan öz öhdəliklərinə və beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun davranmalı, münaqişənin tezliklə sülh yolu ilə həlli və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunların qısa zamanda çıxarılması üçün nəticəyə yönəlik danışıqlarda konstruktiv şəkildə iştirak etməlidir. Yalnız bundan sonra bölgədə davamlı sülh təmin oluna bilər.
Paşinyan Dağlıq Qarabağın həlledici sözə sahib olmalı olduğunu bildirməklə, faktiki olaraq, Düşənbə razılaşmasının əksinə gedib və qondarma “DQR”in tərəf kimi prosesə qatılması barədə əvvəlki mövqeyinə qayıdıb.
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov qəzetimizə bildirdi ki, Paşinyanın bu ritorikası başadüşülən deyil: “Düşənbədə məhz onun təşəbbüsü ilə baş tutan söhbətdən sonra biz onun konstruktiv mövqedə olacağını gözləyirdik. Düzdür, həmin görüşdən sonra bu yöndə müəyyən işartılar nəzərə çarpır. Amma maraqlı olan budur ki, Paşinyan hərdən baş nazir olduğunu unudaraq, meydandakı etirazçıların lideri kimi eyforiyaya qayıdır və ziddiyyətli fikirlər səsləndirir. Bir daha vurğulamaq istərdim ki, Frankofoniya yalnız mahiyyət etibarilə Ermənistana yad deyil, eyni zamanda, məzmun baxımından da uyğunsuzdur. Çünki həmin tədbirin mahiyyəti dözümlülüyü, birgə yaşayışı, bir sözlə, bəşəri dəyərləri təbliğ etmək, onların qorunmasına yardım göstərməkdir. Özünüz də yaxşı bilirsiniz ki, bütün bu deyilənlər Ermənistan dövləti üçün yaddır. Çünki onlar nəinki həmin dəyərlərə sadiq deyillər, həmin faktorları pozmaqda dünyada lider sayılırlar. Paşinyan çıxışında “Dağlıq Qarabağ xalqı” məfhumunu işlətməklə, bütün separatçıların adından danışıb. Faktiki olaraq bununla da Düşənbədəki danışıqlara zidd addım atmış olub. Çünki hazırda işğal olunmuş ərazilərdə yaşayanlar bütün Dağlıq Qarabağın əhalisi kimi təqdim oluna bilməz. Hesab edirik ki, XİN-in bildirdiyi irad tam haqlıdır. Çünki belə mövqe ortaya qoymaqla konstruktivlik nümayiş etdirmək mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ