Nəzakət Məmmədova: “Güman edirəm ki, bu dəyişmə son aylar ərzində Rusiyanın deyilən istiqamətdə fəallığının artması ilə izah oluna bilər”
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) AFR hökumətinin Almaniya Bundestaqından gələn Almaniya-Ermənistan münasibətlərinə dair suala verdiyi cavaba və ABŞ dövlət katibi köməkçisinin müavini C.Kentin Bakıda mətbuata açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeyə münasibət bildirilib.
Qeyd olunur ki, Almaniya Federativ Respublikası hökuməti Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tanımır.
XİN-dən bildiriblər: "Xatırlatmaq istərdik ki, Almaniyanın federal kansleri Angela Merkel ölkəmizə səfəri çərçivəsində eyni mövqeyi səsləndirərək Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həlli səylərini dəstəklədiklərini vurğuladı.
Həmçinin, ABŞ dövlət katibi köməkçisinin müavini C.Kent Bakıya səfəri zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini bir daha təkrar edərək, bu xüsusda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin dəstəkləndiyini bəyan etdi.
Hər iki bəyanat beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir".
XİN-dən bildirilib ki, beynəlxalq ictimaiyyətin bu sonuncu aydın mövqeyi Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrini tez bir zamanda çıxarmasına dair nəticələrə yönəlik danışıqlara geri dönmək və substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi, status-kvo qəbuledilməzdir və dayanıqlı deyil".
Almaniya Federativ Respublikası və ABŞ-ın son mövqelərini Dağlıq Qarabağ münaqişəsinin nizama salınması kontekstindən necə dəyərləndirmək olar? Həm də bu iki hadisə elə vaxta təsadüf etdi ki, Ermənistan Frankofoniya adı altında dünyada özünün yalançı sülhsevər imicini yaratmaq istəyir.
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, həm ABŞ, həm də Almaniya dünyanın güclı dövlətləri, Boyük Yeddiliyə daxildirlər: “Beynəlxalq münasibətlərdə təhlükəsizliyin təminatçısı ilk növbədə həmin böyük dövlətlər olmalıdır. Çünki onların beynəlxalq asayişi, sülhü təmin etmək, işğalçını cəzalandırmaq üçün daha çox təsir və təzyiq imkanları var. Almaniya ATƏT-in Minsk Qrupunun üzvü, ABŞ isə həmsədridir. Ermənistan-Azərbaycan münaqişəsinə birbaşa müdaxilə edərək Ermənistanın işğalçılıq siyasətinə son qoymaq və işğalçının əsassız və tükənməz ambisiyalarını cilovlamaq onların öz üzərinə götürdükləri vəzifədir”.
N.Məmmədovanın fikrincə, artıq dünya ictimaiyyətində, xüsusən biz Azərbaycan əhalisində belə bir təsəvvür yaranıb ki, böyük dövlətlər, təşkilatlar ya Ermənistanla bacarmır, onun öhdəsindən gəlməyi bilmir, ya da bunu həll etməkdə maraqlı deyillər: “Mən deyərdim ki, maraqlıdırlar, lakin özlərinə sərf edən şəkildə. Almaniyanın mövqeyi, gördüyümüz kimi, beynəlxalq hüquqa uyğundur, belə də olmalıdır. Çünki separatizmi dəstəkləyən bilməlidir ki, nə vaxtsa onun ərazisində separatçılıq dirçələ bilər, terrorçuluğu aşkar və ya gizli dəstəkləyən dövlət bilməlidir ki, o özü də terrordan sığortalanmayıb.
Məsələn, sabah Bavariya torpağı Almaniya Federativ Respublikasından ayrılmaq iddiası qaldırsa, şübhəsiz ki, biz onu müdafiə etmərik. Dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədləri var və onlar dəyişməzdir. Beynəlxalq sabitliyin təminatı ilk növbədə məhz bu amildən asılıdır.
Almaniya iki dünya müharibəsi aparmış, Anşlyus adı altında Avstriyanı ilhaq etmiş, hələ mən işğalları demirəm, bir dövlət olaraq bunun ağır nəticələrini öz üzərində hiss edib. Bunun cəzası olaraq o, iki yerə parçalanıb. Ermənistanı isə parçalayan yoxdur, ondan hələ ki, işğal etdiyi torpaqları qaytarmağı tələb etməlidirlər. Almaniyanın nüfuzlu, regionda daha fərqli maraqları olan dövlət olması səbəbindən hətta onun Minsk Qrupuna həmsədrliyi bir neçə dönəm Azərbaycanda müzakirə olunub. Lakin Ermənistan buna etiraz edib. Ermənipərəst Fransa ilə müqayisədə Avropa Birliyindən Almaniyanın həmsədrliyi daha faydalı olardı. Almaniyanın mövqeyi həm də Ermənistana ciddi bir siqnaldır. Ermənistan bu cür xəbərdarlıqlardan nəticə çıxarsa, münaqişə daha tez həll oluna bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərinin, eləcə də Almaniya federal kansleri xanım Merkelin Azərbaycana səfərinin səmərəli keçməsi Almaniyanın mövqeyinin daha da möhkəmlənməsinə təsir edib.
Azərbaycan Avropa enerji bazarında mühüm oyunçu olaraq Almaniyanın diqqətində olan ölkədir və bir enerji dövləti ilə normal münasibətlərin vacibliyini almanlar da yaxşı dərk edirlər. ABŞ rəsmisinin isə münaqişəni BMT-nin 4 qətnaməsi əsasında həllini məqbul bilməsi də bizim üçün normal mövqe kimi qarşılana bilər. Dünyanın supergüclərinin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında bir qədər konkretlik nəzərə çarpır. Onlar standart ütülü bəyanatlardan daha çox konkret hədəflər göstərərək danışırlar. Güman edirəm ki, bu dəyişmə son aylar ərzində Rusiyanın deyilən istiqamətdə fəallığının artması ilə izah oluna bilər”.
Məhəmmədəli QƏRİBLİ