Qabil Hüseynli: “İstənilən halda, yumşaldığı və hakimiyyətdə olduğu dönəmdə müəyyən təcrübə topladığı nəzərə çarpır”
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitinin açılışı zamanı maraqlı çıxış edib. Paşinyan bildirib ki, münaqişələrin sülh yolu ilə nizamlanması üçün səyləri artırmaq lazımdır. Baş nazir bunun, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də aid olduğunu deyib. Ermənistanın baş naziri daha əvvəl qaldırdığı “Dağlıq Qarabağ nümayəndələrinin” danışıqlar prosesində iştirakı mövzusuna bir daha toxunub.
Maraqlıdır ki, çıxışı zamanı N.Paşinyan işğal olunmuş regionun adını Dağlıq Qarabağ kimi 7 dəfə çəksə də, separatçıların istifadə etdiyi “Artsax” sözünü işlətməyib.
Hətta baş nazir “France 24” telekanalına müsahibəsində bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin dəyişdirilməsi məsələsini qaldırmayıb və qaldırmayacaq: “Danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında davam etdirilməlidir”.
Göründüyü kimi, Paşinyanın hazırkı mövqeyi ilə əvvəl verdiyi bəyanatlar arasında kəskin ziddiyyət var. Yəni onun daha konstruktiv mövqedən çıxış etdiyi nəzərə çarpır. Bu kardinal dəyişikliyin səbəbini nə ilə izah etmək olar?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın bu cür sülhpərvər davranışının bir sıra səbəbləri var: “Birincisi, bu, Ermənistanın daxilində olan faktorlara bağlı məsələdir. Çünki Ermənistan vacib seçkiyə hazırlaşır və Paşinyan bu müddətdə ölkəsi və özü üçün problemlər yaratmaq istəmir. İkincisi, onun açılışında çıxış etdiyi tədbir böyük auditoriyanı əhatə edir. Bilirsiniz ki, orada fransızdılli xalqlar iştirak edirlər. Fransanın başçılığı altında yaradılan bu ittifaq uzun illərdir fəaliyyət göstərir. Nə qədər qəribə olsa da, 2008-ci ildə Ermənistanı da həmin təşkilata üzv ediblər. Məlumdur ki, dünyada “Artsax” terminini ermənilərdən başqa kimsə işlətmir və heç kim həmin adda subyekti tanımır. Paşinyan ona görə Dağlıq Qarabağ deyir ki, onu Fransa, Kanada prezidentləri, Belçikanın baş naziri başa düşə bilsin”.
Politoloqun sözlərinə görə, Paşinyanın mövqeyində yumşalma aydın nəzərə çarpsa da, hərdəmxəyal olduğunu da yaddan çıxarmamalıyıq: “Rusiyanın onu zorla danışıqlara doğru itələdiyini də bilirik. 7 rayonun geri qaytarılması istiqamətində Rusiyanın gördüyü işlərdən də xəbərdarıq. Bu səbəbdən də biz hələ bir müddət Paşinyanı sülhpərvər obrazında görəcəyik. Sanki “bəyaz göyərçin” missiyasını həyata keçirəcək. Baxaq görək, danışıqlar prosesində özünü necə aparacaq. İstərdik ki, həmin vaxt da belə konstruktiv olsun və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsın. İstənilən halda, yumşaldığı və hakimiyyətdə olduğu dönəmdə müəyyən təcrübə topladığı nəzərə çarpır”.
Məhəmmədəli QƏRİBLİ