Elşən Əliyev: “Ermənistanda daimi iqtisadi rifahı yaratmaq üçün həmin ölkə yalnız blokadadan çıxmağı düşünməlidir ki, bunun da açarı öz əlindədir”
Məlum olduğu kimi, dünyanın 5 fərqli qitəsindən 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşü Ermənistanın paytaxtı İrəvanda keçirilir. Təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əminamanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir.
Sammitə 100-dən çox yüksək vəzifəli nümayəndənin, o cümlədən Fransa Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Castin Trüdo da qatılıb.
Frankofoniya indiki formatda 1970-ci ildən fəaliyyət göstərir. Təşkilatın devizi belədir: bərabərlik, qarşılıqlı tamamlayıcılıq, həmrəylik. İlk dəfə Frankofoniya termini 1880-ci ildə fransız səyyah Onezim Reklü tərəfindən işlədilib. O, dünya əhalisinin dil üzrə elmi təsnifatını apararkən bu ifadədən istifadə edib. 1968-ci ildə Frankofoniya lüğətə salınıb və iki mənada işlədilir: fransız dilində danışanlar, fransızca danışan xalqlardan ibarət cəmiyyət.
Nə qədər qəribə olsa da, Ermənistan bu təşkilata 2008-ci ildə üzv qəbul edilib. Siyasi şərhçilər bildirirlər ki, təşkilat XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törədən və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan etiraf edən Ermənistanın ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edib. Maraqlı olan digər məqam isə ondan ibarətdir ki, ermənilər bu tədbirdən həm də iqtisadi fayda götürməyi düşünürlər. Hazırda blokada şəraitində yaşayan Ermənistan bilir ki, bu cür ağır iqtisadi məhrumiyyətlərə və regional layihələrdən kənarda qalmasına səbəb yürütdüyü işğalçı siyasət olub. Görünür, Ermənistan bu siyasətdən əl çəkməklə iqtisadi blokadadan çıxmaq əvəzinə, başqa xəyallara düşüb. İstəyir ki, blokadada qala-qala evsahibliyi etdiyi tədbirin hesabına ölkəyə investisiya cəlb etsin və iqtisadi vəziyyətini bu cür düzəltsin. Əsaslı səbəblər üzündən Azərbaycanın iqtisadi təcridi ilə üzləşən Ermənistan Frankofoniya kimi tədbirlərin köməyi ilə iqtisadi böhrandan çıxa bilərmi?
İqtisadçı Elşən Əliyev qəzetimizə açqlamasında bildirdi ki, bu tədbir Ermənistanı böhrandan çıxarmaq gücünə malik deyil: “Əsasən humanitar mahiyyət daşıyan tədbir vasitəsilə Ermənistanın düşdüyü iqtisadi böhrandan çıxmaq kimi arzuları ürəyində qala bilər. Ola bilər ki, bu vasitə ilə onlar xarici ölkələri və ya orada iştirak edən nümayəndələri ölkəyə investisiya yatırmağa təşviq etsinlər. Lap təxmin edək ki, bir-iki belə razılaşma da əldə etdilər. Bu, nəyi dəyişə bilər? Axı Ermənistanın düşdüyü iqtisadi böhranın həcmi elə böyükdür ki, bunun üçün dövlət yürütdüyü siyasətə korrektə etməlidir. Faktiki olaraq qonşuları tərəfindən təcrid vəziyyətinə salınan Ermənistan gəlir gətirə biləcək bütün regional layihələrdən kənarda qalıb. Bunun da səbəbini Ermənistan hamıdan gözəl bilir. Frankofoniyadan həm də bir iqtisadi platforma olaraq istifadə etmək kimi niyyətlərindən aydın olur ki, onlar blokadada qala-qala iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasının yollarını arayırlar. Bir daha xatırladıram, söhbət hansısa şirkətin dirçəldilməsindən deyil, dövlətin xilasından gedirsə, bu tədbir onu etməkdə gücsüzdür. Hətta həmin ölkənin iqtisadiyyatına milyardlarla pul qoysalar belə, bunun təsiri olmayacaq. Ermənistanda daimi iqtisadi rifahı yaratmaq üçün, həmin ölkə yalnız blokadadan çıxmağı düşünməlidir ki, bunun da açarı öz əlindədir. Bir məqamı da vurğulayaq ki, tədbirdə iştirak edən təşkilat üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Ermənistandan daha sıx siyasi və iqtisadi əlaqələrə malikdirlər. Bu da onların həmin ölkə ilə dərindən əməkdaşlıq edəcəyini inandırıcı göstərmir”.
Məhəmmədəli QƏRİBLİ