Avropanın enerji bazarı uğrunda ABŞ və Rusiya arasında rəqabətin getdikcə daha kəskin xarakter alması müşahidə edilməkdədir. Belə görünür ki, ABŞ Rusiyanı bu bazardan sıxışdırıb çıxarmaqda olduqca maraqılıdr. Məhz belə bir vaxtda ABŞ-da Avropaya enerji sektorunu diversifikasiya etmək üçün Avropanın enerji layihələrini maliyyələşdirmək məqsədilə 1 milyard dollar ayırmağı təklif edən qanun layihəsi təqdim olunub.
Layihəni Respublikaçılar Partiyasından senator Ron Conson və demokrat Kris Mörfi təklif edib. Senatorlara görə, vəsaitlərin ayrılması Avropaya Rusiyanın təsiri qarşısında ayaqda qalmağa kömək göstərəcək. Onların fikrincə, Rusiya Qərb ölkələrinə energetika bazarına təsir etdiyi üçün təzyiq göstərə bilər: “Hədəf Avropada zəif hakimiyyətlər yaratmaqdır. Bununla da Moskva bu ölkələrin ona müqavimətinin qarşısını almaq istəyir. Biz Şərqi Avropadakı hərbi müdafiənin gücləndirilməsinə milyardlarla dollar xərcləmişik, amma Rusiyanın energetika təsirinin təhlükəli nəticələri barədə də unutmayaq”. Mörfinin bəyanatında o da etiraf edilir ki, əslində, Avropanın çox hissəsi Rusiyanın enerjisinə güvənir. Bu isə ABŞ üçün problemdir. Senatorun fikrincə, ABŞ-ın müttəfiqlərinə yeni enerji mənbələri tapmaqda kömək etmək rəsmi Vaşinqtona Rusiyanın Avropaya nəzarətini pozmağa və ABŞ-da iş yerləri yaratmağa imkan verəcək.
Moskva isə, öz növbəsində, Avropanın enerji bazarında mövqeyini saxlamaq üçün yeni layihəlrini daha sürətlə həyata keçirməkdədir. Onlardan biri “Şimal axını-2” layihəsidir. Boru kəmərinin Almaniya hissəsində işlər sürətlə gedir. Ötən ay boru kəmərinin Finlandiya hissəsində boruların döşənməsinə başlanıb. Ümumilikdə 10 milyard dollara başa gələcək 1230 kilometr uzunluğundakı “Şimal axını-2” boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır. “Qazprom” şirkəti layihənin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb. Amma ABŞ bunu yubatmaq üçün kəmərin çəkilişində iştirak edən şirkətlərə sanksiya tətbiq ediləcəyini istisna etməyib.
“Şimal axını-2” ilə yanaşı, Rusiya “Türk axını” qaz boru kəmərinin inşasında da sürətlə irəliləyir. Rusiyanın energetika naziri Aleksandr Novak bildirir ki, 2020-ci il yanvarın 1-dən “Türk axını” qaz boru kəmərinin iki xətti ilə təbii qaz tədarükünə başlanacaq. Nazir qeyd edir ki, layihə çərçivəsində ikinci boru kəmərinin mümkün marşrut variantları üzrə ölkələrlə danışıqlar hələ də davam edir: “Müxtəlif variantlar var. İlk marşrut Yunanıstan vasitəsilə İtaliyayadək nəzərdə tutulur. İkinci variant isə boru kəmərini Bolqarıstan üzərindən Serbiya, Macarıstan və Avstriyaya uzatmaqdır. Bizim prioritetimiz Bolqarıstan üzərindən Avstriyayadək boru kəməri çəkməkdir. Layihə qrafik üzrə irəliləyir. 2020-ci il yanvarın 1-dən etibarən iki boru kəmərindən 31,5 milyard kubmetr təbii qaz tədarükünə başlana bilər”. “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller də vurğulayıb ki, “Türk axını”nın dəniz hissəsinin tikintisi iki ay ərzində başa çatacaq. Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “Türk axını”nın əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “Türk axını”nın dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.
Türkiyədəki təbii qaz qəbulu terminalı İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. “Türk axını” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır. Bu vəziyyətdə ABŞ “Türk axını” üzrə də qazın Avropaya axınının qarşısını almaq üçün fəaliyyətini genişləndirir. Yaranmış durumda Avropaya sakit və heç kimin narazılığına səbəb olmayan şəkildə daxil olan Azərbaycan qazına isə Qərbdə diqqət daha çox artır. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bu fonda bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, Avropa İttifaqı ötən illərdə qitənin enerji təhlükəsizliyi üçün vacib qərarlar qəbul edib. Burada əsas məsələ təbii qaz tədarükü üzrə mənbələrin və marşrutların şaxələndirilməsidir: "Düşünürəm ki, Azərbaycanın həyata keçirdiyi TANAP və TAP layihələri mühüm əhəmiyyət kəsb edir. TANAP boru kəməri artıq istifadəyə verilib, TAP-la bağlı işlərin də vaxtında icra olunacağı şübhə doğurmur". TAP boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert isə qeyd edir ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP-ın tikintisi qrafik üzrə davam edir: “TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 77 faizdən çoxu icra olunub”.
Xatırladaq ki, TAP “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Avropaya ilk qazın gələn ilin sonunda verilməsi planlaşdırılır. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Digər tərəfdən, perspektivdə Türkmənistan və İran qazının da bura qoşulması planlaşdırılır. Belə vəziyyətdə Azərbaycan üzərindən Avropaya daha böyük həcmdə qazın daşınması gözlənir.
Nahid SALAYEV