Əhəd Məmmədli: “Madrid prinsipləri daha optimal həll variantı olduğundan, ABŞ rəsmisi məhz bu məqamın üzərində xüsusi dayanıb”
Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunduğunu bildirib.
O qeyd edib ki, Azərbaycanda hamı münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdır: “Ölkəyə səfərim zamanı biz münaqişənin həlli prosesində son zamanlar əldə olunan irəliləyişləri, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Düşənbədəki görüşünü qeyd etmişik”.
C.Kent bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır: “Bu ay, iki həftədən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. Qeyd etmək istərdim ki, qoşunların təmas xəttində gərginliyin səviyyəsi azalıb. Tərəfləri bu ab-havanı qorumağa çağırırıq”.
ABŞ rəsmisi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikirlərində iki vacib məqama diqqət ayırıb. Qeyd edib ki, münaqişənin nizamlanma prosesində irəliləyiş nəzərə çarpır və problem Madrid prinsipləri əsasında həllini tapmalıdır. ABŞ rəsmisinin bu yanaşmasını necə dəyərləndirmək olar?
Politoloq Əhəd Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ rəsmisinin deyilən iki məqama xüsusilə işarə etməsi başadüşüləndir: “Çünki münaqişənin həllində yaranan boşluq sülh prosesinin gələcəyini perspektivsiz edirdi. Paşinyan hakimiyyətə gələndən sonra danışıqlar prosesinin gələcəyi sual altına düşdü. Yalnız Düşənbə görüşündən sonra bu istiqamətdə irəliləyiş nəzərə çarpdı. Ölkə başçıları qoşunların təmas xəttində gərginliyin azaldılması istiqamətində razılıq əldə etdilər. Sonra xarici işlər nazirləri bir araya gəldilər. Kent irəliləyiş deyəndə bunu nəzərdə tutub. O da aydındır ki, danışıqlar bərpa ediləndən sonra görüş xatirinə görüşlər olmamalıdır. Bu, Azərbaycanın konkret mövqeyidir. ABŞ rəsmisinin Madrid prinsiplərinə işarə etməsi təsadüfi deyil. Çünki münaqişənin nizama salınmasında optimal variantlardan biri məhz o razılaşma hesab edilir. Madrid prinsipləri ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən nazirlər konfransında ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdikləri saziş planıdır. Madrid prinsipləri Praqa prosesində bərpa edilən və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülən sülh təşəbbüsünün davamı hesab edilir. Prinsiplərə “mərhələli paket” sülh təklifi daxildir və orada aşağıdakılar qeyd edilir: Kəlbəcər rayonu və Ermənistanla Dağlıq Qarabağı birləşdirən strateji Laçm dəhlizi də daxil olmaqla Dağlıq Qarabağa bitişik Azərbaycan torpaqlarından erməni qüvvələrinin mərhələli çıxarılması.
Əvvəllər işğal olunmuş ərazilərin demilitarizasiyası, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi. Minalarm təmizlənməsi, yenidənqurma işlərinin görülməsi və münaqişənin təsirini aradan qaldırmaq üçün tədbirlərin görülməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması prosesinin sürətləndirilməsi.
Bakıdakı mərkəzi Azərbaycan hökuməti ilə birlikdə Dağlıq Qarabağ əhalisi arasında regionun gələcək statusunu müəyyən etmək üçün referendumun keçirilməsi.
Prinsiplər Minsk Qrupu tərəfindən təqdim edildikdən sonra tərəflər bəzi məqamlarda razılığa gəldilər. Lakin çıxılmaz vəziyyət son məsələdə, yəni Dağlıq Qarabağın yekun statusu ilə bağlı məsələdə yarandı. Azərbaycan tərəfi Dağlıq Qarabağın tamamilə Azərbaycandan ayrılmasına qarşı çıxdı və yalnız yüksək muxtariyyət səviyyəsinin verilməsi ilə razılaşdı. Təbii ki, bu prinsiplərdən də imtina edən ermənilərdir. Hesab edirəm ki, münaqişənin həlli ilə bağlı Madrid prinsipləri daha optimal həll variantı olduğundan, ABŞ rəsmisi məhz bu məqamın üzərində xüsusi dayanıb”.
Məhəmmədəli QƏRİBLİ