Akif Nağı: “Bu cür ifadələr işlətməklə yaxalarını kənara çəkmək istəyirlərsə, bu, heç bir məntiqə sığmır”
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmasına sadiqlik kənara qoyulub.
Tsereteli davam edən gərginliyin Avrasiya regionunda ölkələr arasında böyük fikir ayrılıqlarına doğru aparmağından təəssüfləndiyini bildirib: "Münaqişələr Avrasiyanın bütün nöqtələrində baş verir, lakin ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmur. Bu, əvvəlki kimi, potensialımızı tam reallaşdırmağa imkan vermir".
Göründüyü kimi, ATƏT rəsmisi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmasına sadiqliyin kənara qoyulduğunu bildirib. Bu xüsusda o, nəyi nəzərdə tutub?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, bu açıqlama onları dərindən təəccübləndirib: “Mənə elə gəlir ki, bu ifadə ilə nə demək istədiyini ən gözəl şəkildə Tseretelinin özü verə bilər. O, bir qədər ümumi anlamda danışıb. Bu, bir qədər ATƏT-in indiyə qədər ortaya qoyduğu standart mövqedən kənara çıxır. Onlar həmişə deyiblər ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun şəkildə, sülh yolu ilə həll edilməlidir və səylərini də həmin istiqamətə yönəltdiklərini vurğulayıblar. Bunların standart cavabı belə olub. İndi biz bilmirik bununla ATƏT PA-nın sədri yaxalarını kənara çəkmək niyyətini güdür, yoxsa hansısa başqa mesajı vermək istəyir. Bəlkə də o bununla Rusiyanın məsələyə ciddi şəkildə müdaxiləsinə işarə edir və onlara mesaj verir ki, prosesdən geri çəkilə bilərlər. Hiss edilir ki, Dağlıq Qarabağla bağlı Rusiya təşəbbüsü tək ələ götürməyə çalışır. İstənilən halda, bu, xoşagələn yanaşma deyil. Çünki beynəlxalq hüquq və ATƏT prinsiplərinə riayət olunmursa, onda niyə indiyə kimi Minsk Qrupu mandatından imtina olunmayıb? Belə çıxır ki, başımızın altına yastıq qoyublar? İllərdir bu format Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində guya səylər göstərdiyini deyir. Bu cür ifadələr işlətməklə yaxalarını kənara çəkmək istəyirlərsə, bu, heç bir məntiqə sığmır. Əgər bu yanlışlıqdırsa, düzəliş versinlər. Yox, yanlışlıq deyilsə, onda hörmətli Tsereteli qoy aydın izah versin. Başqa bir versiya isə ondan ibarət ola bilər ki, bu məsələdə Ermənistanın həmin qaydalara riayət etməyə məcbur edilmədiyi nəzərdə tutulsun. Mənə elə gəlir ki, bu vacib məqamla bağlı ATƏT PA-nın sədri əlavə açıqlama verərək fikrini daha aydın şəkildə ifadə etməlidir”.
Məhəmmədəli QƏRİBLİ