Məhəmməd Əsədullazadə: “Bu qüvvələr Nikol Paşinyanın hakimiyyətinə qarşıdır”
Ermənistan Müdafiə Nazirliyinin “Baqramyan” təlim mərkəzində rus-erməni birgə taborunun taktiki təlimi başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, “Baqramyan” poliqonu İrəvandan 65 km aralıda yerləşir. Sözügedən təlimlər 8-13 oktyabr tarixlərində müxtəlif döyüş növlərində tapşırıqların həlli, həlledici əməliyyatlar zamanı bölmələrin qarşılıqlı fəaliyyəti və döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilir.
Məlumata görə, təlim ümumi hərbi birləşmə qruplaşmasının komandanı general-mayor Tiqran Parvanyanın rəhbərliyi ilə keçirilir. Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, məqsəd şəxsi heyətin döyüş hazırlığını praktiki yoxlamaqdır.
Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev isə bu barədə bildirib ki, təlimlər zamanı motoatıcı bölmələrin komandirləri aviasiyanın və digər növ bölmələrin dəstəyi ilə şərti düşmənin axtarışı, mühasirəyə alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.
Təlimlərə iki ölkənin 1000-dən çox hərbçisi, təxminən 200 ədəd xüsusi hərbi texnika cəlb edilib.
Rusiyanın Ermənistanla xüsusi hərbi əməkdaşlığa malik olması sirr deyil. Ancaq o da var ki, Paşinyan baş nazir olandan sonra iki ölkə münasibətlərində müəyyən soyuqluq yaşanmaqdadır. Bu və digər baxımdan məhz indiki dövrdə belə birgə təlimlərin keçirilməsinin mahiyyəti nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı. Onun sözlərinə görə, Rusiya-Ermənistan təlimləri bu ölkınin daxili siyasi vəziyyətindən irəli gələn narazılıqlarla bağlıdır: “Rusiya ilə Ermənistan ilk əvvəl strateji müttəfiqdirlər. Bundan əlavə, Ermənistan, həmçinin, Rusiyanın forpostudur. Bu ölkənin Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası və İrəvan yaxınlığında Erebuni hərbi hava qüvvələri var. Həmçinin, iki ölkənin birgə qoşun növü yaradılıb. Rusiyanın Ermənistanda inqilab başlanandan bəri birtərəfli keçirdiyi hərbi təlimlər əsasən Ermənistanın yeni hakimiyyətinə mesaj idi. Qeyd edim ki, hazırda erməni ordusunda “Qarabağ klanının” qalıqları qalmaqdadır. Bu qüvvələr Nikol Paşinyanın hakimiyyətinə qarşıdır. Hesab edirəm ki, Rusiya-Ermənistan təlimləri də bu ölkənin daxili siyasi vəziyyətindən irəli gələn narazılıqlarla bağlıdır. Rusiya hakimiyyəti öz ordusunu bu ölkədə mümkün daxili ssenarilərə hazırlaya bilər. Çünki Nikol Paşinyanın siyasəti birbaşa anti-Rusiya xarakteri daşıyır. Moskvanın indiki situasiyada hər hansı bir xarici faktor təhlükəsi olmadan Ermənistandakı birgə təlimi daxili hesablaşmalara kilidlənib. Bu təlimlərin Azərbaycana mesaj kimi olması istisnadır. Rusiya bizimlə açıq şəkildə bu kimi problemə getməz. Nəzərə almaq lazımdır ki, Moskva və Bakı arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.
Vidadi ORDAHALLI