Seyid Camal Əzimbəyli: “Orada ölkəmizlə bağlı ayrıca bir pavilyonun tikilməsi ciddi hadisədir”
Məlum olduğu kimi, Azərbaycan “Dubay Ekspo 2020”də iştirak edəcək. Azərbaycanın sözügedən sərgidə iştirakı ilə bağlı böyük işlər görülüb və görülür. Ölkəmizin sərgidə layiqincə təmsil olunmasının təmin edilməsi məqsədilə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı üzrə baş komissar təyin olunub.
Hazırda Azərbaycanın sərgidə iştirakı ilə bağlı təşkilat komitəsi tərəfindən tələb olunan bütün prosedur qaydaları və formal məsələlər başa çatıb. Cari ilin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan növbəti beynəlxalq iştirakçılar görüşündə Azərbaycan pavilyonunun inşası üçün müvafiq işlərə başlamaq məqsədilə məkanın rəsmi şəkildə təhvil verilməsi nəzərdə tutulur.
Bu arada, Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki mili pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar. Həmçinin, “Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi Prezident İlham Əliyevə təqdim olunub. Dövlət başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun tikintisinə başlanılmasına dair müvafiq tapşırıqlar verib. Eyni zamanda, “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun da sərgidən sonra sökülərək ölkəmizə gətirilməsi məsələsinə baxılmasını tapşırıb.
Sözügedən sərgidə dünyanın bir sıra ölkələri iştirak edəcəklər və həmin tədbirə maraq böyük olacaq. Ümumilikdə, Azərbaycanın adıçəkilən sərgiyə qatılması və ayrıca öz pavilyonu ilə iştirak edəcəyi ölkəmizə nə verəcək?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli adıçəkilən sərgidə Azərbaycanın geniş müstəvidə iştirakına müsbət prizmadan yanaşdı. O bunu bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanın “Dubay Ekspo 2020” sərgisinə qatılması və orada ölkəmizlə bağlı ayrıca bir pavilyonun tikilməsi ciddi hadisədir. Ona görə ki, bu cür sərgidə təmsil olunmaq Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın zəngin mədəniyyəti var. O üzdən, yaranan bu imkanlardan maksimum şəkildə səmərəli şəkildə istifadə etməliyik. Digər tərəfdən, böyüyən, qloballaşan dünyanın bir parçası olan Azərbaycanın dünyadakı bütün aparıcı tədbirlərdə iştirak etməsi dövlətimizin xeyrinədir. Sözügedən sərgilər həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Keçiriləcək sərgini Azərbaycan üçün bir fürsət kimi dəyərləndirirəm. Bütövlükdə, belə tədbirlərin Azərbaycanın xarici siyasəti üçün də özünəməxsus əhəmiyyəti var. Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin bu kimi məsələlərə həssaslıq göstərməsi ölkənin imicinin qorunmasının bariz nümunəsidir. Başqa bir tərəfdən düşünürəm ki, belə sərgilər müsəlman mədəniyyətinin bir parçası olan Azərbaycan xalqının, dövlətinin bir tərəf olaraq tanıdılmasının gözəl bir örnəyidir. Ona görə də Azərbaycanın belə bir tədbirə qatılmasını alqışlayıram”.
Vidadi ORDAHALLI