Elşən Həsənov: “Bu ilin dekabrında növbədənkənar seçkilərin keçiriləcəyi və Paşinyanın həmin seçkilərdə qalib gələcəyinə heç bir şübhə yeri qalmır”
Ermənistanın hakim koalisiyasından çıxarıldıqdan bir həftə sonra “Firavan Ermənistan” partiyasının lideri Qagik Çarukyan dekabr ayında növbədənkənar seçki keçirilməsində baş nazir Nikol Paşinyana kömək edəcəyini bəyan edib. Oktyabrın 8-də İrəvanda imzalanmış birgə memorandumda iki siyasətçi erkən seçki keçirilməsi məsələsində müttəfiq olduqlarını bildiriblər.
Bu sənəddə “Firavan Ermənistan” vəd edir ki, Paşinyanın gözlənilən istefasından sonra baş nazir vəzifəsinə heç bir namizəd verməyəcək və ya heç bir namizədi dəstəkləməyəcək.
Ermənistan Konstitusiyasına görə, ölkənin 105 yerlik parlamenti başqa bir baş naziri seçə bilməyəndə buraxılmalıdır. “Firavan Ermənistan” parlamentdə 31 mandata sahibdir. Paşinyan dekabr ayında növbədənkənar seçkinin keçirilməsi üçün istefa verəcəyini bildirib. Xatırladaq ki, oktyabrın 2-də Çarukyanın partiyası keçmiş prezident Serj Sarkisyanın Respublikaçı Partiyasına Paşinyanın planlarına mane olan qanunun qəbulunda kömək etmişdi.
O vaxt baş nazir “Firavan Ermənistan”ı və “Daşnaksütyun” partiyasını əksinqilabda ittiham etmişdi. Həmçinin, bu iki partiya ilə hakimiyyət bölgüsünə dair ötən may ayında imzaladığı razılaşmanı ləğv etmişdi.
“Firavan Ermənistan” nümayəndələri deyirdilər ki, seçki dekabrda yox, gələn mayda keçirilməlidir. Onlar da Respublikaçı Partiya kimi iddia edirdilər ki, millət vəkillərinə Seçki Məcəlləsinə düzəlişləri etmək üçün vaxt vermək lazımdır.
Lakin Çarukyan mövqeyini dəyişdiyinə dair işarəni oktyabrın 5-də televiziyaya müsahibəsində vermişdi. O demişdi ki, xalq seçkinin dekabrda keçirilməsini istəyirsə, biz də bunu istəyirik.
Paşinyan oktyabrın 8-də Çarukyanla görüşündə onun bu bəyanatını alqışlayıb.
Zəngin biznesmen olan Çarukyan, öz növbəsində, demişdi ki, o, Paşinyanın Sarkisyanı devirmiş inqilabını dəstəkləyir. Sarkisyanın partiyası parlament mandatlarının təxminən yarısına malikdir. Bu partiya erkən seçkinin keçirilməsinə etiraz edir. Respublikaçılar deyirlər ki, erkən seçkidə məqsəd onların nümayəndələrinin mandatlardan məhrum edilməsidir.
Nikol Paşinyanla Qarik Çarukyan arasında əldə olunan razılıq və imzalanan memorandum Ermənistanın gələcəyi üçün nə vəd edir?
Ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, imzalanan memorandumu Nikol Paşinyanın böyük uğuru saymaq olar: “Bilirsiniz ki, Paşinyan inqilab nəticəsində hakimiyyəti ələ keçirdi. Bu da Ermənistanda konstutision islahatlardan sonra baş verdi. Həmin islahatlar nəticəsində ölkənin idarəetmə modeli dəyişdirilərək, prezident üsul-idarəçiliyindən parlament idarəçiliyinə keçdi. Məhz həmin islahatlara etiraz olaraq Paşinyanın rəhbərlik etdiyi inqilab Serj Sarkisyanı hakimiyyətdən salmağa müvəffəq oldu. Yadınızdadırsa, Paşinyan yeni parlamentdə zor gücünə özünü baş nazir seçdirdi. Çünki Serj Sarkisyan istefa versə də, ölkədə söz sahibi olan parlamentdə onun partiyası mütləq çoxluğa malik idi. Paşinyan anlayır ki, hakimiyyəti tam nəzarətə götürmək üçün yeni parlament formalaşdırılmalıdır. Bunun üçün də o istefa verəcəyini bəyan edib. Lakin bu ayın əvvəlində Ermənistan parlamenti növbədənkənar seçkilərin keçirilməsinə mane olan qanun qəbul etdi. Bundan sonra Paşinyan ölkədə əksinqilabın baş verdiyini deyərək, xalqı parlamentin ətrafına səslədi. Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl Çarukyanla Paşinyan arasında kəskin fikir ayrılığı vardı. Hətta Paşinyan Çarukyanın blokunu Serj Sarkisyan tərəfdarları ilə birləşib əksinqilab etmək istəməkdə təqsirləndirirdi”.
Ekspertin sözlərinə görə, bir neçə gün ərzində Çarukyanın mövqeyinin kəskin dəyişməsi olduqca maraqlı görünür: “Bu, faktiki olaraq, Paşinyanın hakimiyyətdə qalmasına zəmanət və təminat verən bir razılaşmadır. İmzalanan memorandumda xüsusi olaraq qeyd olunur ki, Çarukyan bloku Paşinyan istefa verəcəyi təqdirdə başqa şəxsin baş nazir seçilməsinə şərait yaratmayacaq. Paşinyanın qorxduğu məqam əsas bu idi. Çünki növbədənkənar seçkilərin keçirilməsini şərtləndirən başlıca amillərdən biri də məhz baş nazirin istefaya getməsilə bağlı idi. Nikol qorxurdu ki, məxməri bir gedişlə onun tərəfdarlarının azlıqda olduğu parlament onu oyundankənar vəziyyətə sala bilər. Plan sadə şəkildə reallaşa bilərdi. Parlament istefanı qəbul etdikdən sonra özünü buraxmayaraq, Paşinyanın yerinə başqa bir şəxsin namizədliyini irəli sürüb onu seçərdi və bununla da növbədənkənar seçkilərin keçirilməsi təxirə düşərdi. Təbii ki, bütün bu planlar yalnız parlamentin az qala üçdə bir səsinə malik olan Çarukyan blokunun iştirakı və dəstəyi ilə həyata keçirilə bilərdi. Artıq Çarukyan imzası ilə həmin proseslərdə iştirak etməyəcəyinə təminat verirsə, demək ki, Paşinyanın mövqeyi daha da güclənmiş oldu. Bu ilin dekabrında növbədənkənar seçkilərin keçiriləcəyi və Paşinyanın həmin seçkilərdə qalib gələcəyinə heç bir şübhə yeri qalmır. Çünki Serj Sarkisyanın rəhbəri olduğu partiya təkbaşına həmin planların qarşısını almaq gücündə deyil”.
Məhəmmədəli QƏRİBLİ