Rəsul Cahangirli: “Nəzərə almaq lazımdır ki, ölkədə bir sıra PUA-lar istehsal olunur”
Xəbər verildiyi kimi, Udmurtiya Azərbaycanda pilotsuz uçan aparatların (PUA) birgə istehsalını təşkil etməyi təklif edir. Bu barədə Udmurtiya Respublikasının hökumət sədrinin birinci müavini Aleksandr Svinin mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, birgə istehsaldan başqa, Udmurtiya, həmçinin, ölkəmizə PUA-ları tədarük etməyə də hazırdır.
Bu gün Udmurtiyada 13 PUA istehsalçısı fəaliyyət göstərir. Bu il daha bir müəssisə istehsala başlayacaq. Dünyada bütün PUA istehsalının təxminən iki faizi respublikanın üzərinə düşür.
Svinin, həmçinin, bildirib ki, Udmurtiya neft-qaz sənayesi üçün məhsullar, ərzaq məhsulları, mebel və IT-avadanlığını Azərbaycana tədarük və yaxud birgə istehsal etməkdə maraqlıdır.
Ümumilikdə, sədr müavini Udmurtiya sahibkarlarının Azərbaycanda işləməyə çox yüksək maraq göstərdiklərini qeyd edib: "Ötən il biz əməkdaşlıq üçün beş prioritet ölkə seçdik. Azərbaycan onların sırasında idi. Biz qərarımızı biznes sorğusu əsasında verdik. Sahibkarlar bizə prioritet hesab etdikləri istiqamətləri göstərdilər".
Svinin bildirib ki, Udmurtiya artıq Azərbaycana maşınqayırma, kənd təsərrüfatı, meşə sənayesi məhsulları və mebel tədarük edir.
O da məlumdur ki, son illər Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Son vaxtlar bu əlaqələr nəinki dövlətlərarası səviyyədə, həmçinin, regionlar arasında da əhəmiyyətli dərəcədə inkişaf edir. Regionlar arasında iqtisadi-ticari müqavilələr imzalanır. Hətta hərbi sahədə bəzi məhsulların, o cümlədən PUA-ların istehsalının təklif olunmasını ekspertlər necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu cür etimadın göstərilməsi Azərbaycanın son dərəcə etibarlı və uğurlu tərəfdaş olmasından irəli gəlir: “Hesab edirəm ki, hər ölkə bu cür yüksək nüfuza və göstəriciyə malik deyil. Azərbaycan sözügedən məsələdə son dərəcə ciddi imicə malikdir. Ona görə ki, Azərbaycan tərəfdaş ölkələrlə qarşılıqlı və geniş əlaqələrə malikdir. Azərbaycanın Rusiya ilə iqtisadi-ticarət dövriyyəsi genişlənir. Azərbaycan Rusiya üçün uğurlu iqtisadi tərəfdaşdır. Nəzərə almaq lazımdır ki, Rusiyadan silah idxal edən əsas ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın bu məsələdə öz öhdəliklərinə yüksək səviyyədə yanaşması, ölkədə hərbi sənaye kompleksinin inkişaf etdirilməsi Rusiyanın marağını cəlb edir. Bunun nəticəsidir ki, Udmurtiya PUA-ların birgə istehsalı ilə bağlı Azərbaycana təkliflər edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bir sıra PUA-lar istehsal olunur. Sözügedən sahədə Azərbaycan İsraillə uğurlu əməkdaşlıq edir. Əlbəttə, bütün bunun fərqində olan Udmurtiya Azərbaycana belə bir təklif edir. Onlar fərqindədirlər ki, iqtisadiyyatın bir sıra sahələrində Azəbaycanla qurulan birgə müəssisələr özünü doğruldacaq. Onlardan biri də PUA istehsalıdır. Ona görə də Azərbaycana bu cür etimad göstərilir”.
Vidadi ORDAHALLI