Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli bu gün Azərbaycanın və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədlərinin xüsusi marağında olsa da, Ermənistanın atdığı addımlar sülhə olan ümidləri azaldır. Belə görünür ki, İrəvan indiki siyasətini davam etdirməkdə qərarlı olsa, Qarabağ münaqişəsinin hərbi həlli qaçılmaz olacaq.
Belə vəziyyətdə Azərbaycanın qısa müddət ərzində düşmən ordusunu darmadağın edəcəyinə dair düşmən tərəfə beynəlxalq miqyasda belə çoxsaylı xəbərdarlıqlar edilib. Amma bu xəbərdarlıqları nəzərə almaq əvəzinə, erməni tərəfi müharibəni tətikləyən təxribatçı əməllərini davam etdirir. Məsələn, elə bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələri yeni hərbi təlimlər keçirib. Məlumatlara görə, işğalçı erməni hərbi birləşmələri təlimdə pilotsuz uçuş aparatlarından da (PUA) istifadə edib. Halbuki, belə təlimlərin yalnız savaşı stimullaşdırması düşmən tərəfə kifayət qədər yaxşı məlumdur. Ekspertlər isə bildirir ki, Ermənistan belə təlimlərdənsə, yaxşı olar ki, güc balansında Azərbaycanın ondan nə qədər irəlidə olduğunu göstərən beynəlxalq xəbərdarlıqlara diqqət yetirsin. Həmin xəbərdarlıqlarda isə çox aydın göstərilir ki, son təlimlərdə Ermənistan pilotsuz uçuş aparatlarını nümayiş etdirsə də, hərbi hava qüvvələri baxımından da Azərbaycandan çox geridə qalır. Bunu “Global Firepower” təşkilatının son hesabatı da təsdiq edir. Qeyd edək ki, “Global Firepower” təşkilatı dünya ordularının hava güclərinin yeni reytinqini açıqlayıb. Ən güclü 100 hərbi hava qüvvələrinin yer aldığı siyahıda Azərbaycan 62-ci yerdədir. Siyahıda düşmən ölkə Ermənistan 85-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb. Bütün bunlar hərbi aviasiya baxımından Azərbaycanın Ermənistandan çox irəlidə olduğunu bir daha nümayiş etdirir. Digər tərəfdən proseslər göstərir ki, qarşıdakı dövr ərzində Azərbaycan bu üstünlüyünü daha da artıracaq. Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer də təsdiq edir.
O qeyd edir ki, elə indinin özündə Azərbaycan aviasiyası çox böyük üstünlüklərə malikdir. Ekspertin sözlərinə görə, Ermənistanla müharibə vəziyyətində “Polonez” və “Lora” raketləri Azərbaycanın hərbi aviasiyasında əsas yerləri tuta bilər. Pavel Felgenhauer qeyd edir ki, Dağlıq Qarabağda müharibənin bərpası vəziyyətində bu raketlər Azərbaycan tərəfinin istifadə edəcəyi əsas sistemlərə çevrilə bilər: “Bunlar pilotları təhlükə qarşısında qoymur. Eyni zamanda İsrail istehsalı olan raketlərin yüksək dəqiqliyi və çeşidi ilə strateji obyektlərə hücum etmək mümkündür. Bunlar artıq Azərbaycanın hərbi aviasiyasında var və çox mühüm hava hücumundan müdafiə sistemləridir”. Onun sözlərinə görə, Azərbaycanın İsraildən aldığı “Spayk LR” raketləri hətta Rusiyanın “Xrizantema”sistemlərindən daha yaxşıdır: “Çünki bunlar yeni nəsil antitank sistemləridir. Onların istifadə qaydası “vurub unutmaq” adlanır. Məhsuldarlığı çox böyükdür. Raketlər özlərini idarə edə bilir”. Felgenhauer Azərbaycanın öz ordusunu bu sistemlərlə də gücləndirdiyini və müharibə vəziyyətində bunlarla itkilərin qarşısını ala biləcəyini bildirib.
Xatırladaq ki, Belarus istehsalı olan “Polonez” raket kompleksi ordumuzun arsenalına yeni daxil edilib. “Polonez” in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqədir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Raket kompleksi GPS və İNS sistemləri ilə idarə olunur. Əməliyyat-taktiki raket kompleksi olan “Lora”nın maksimal atış uzaqlığı 300 kilometrdən artıqdır və bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqədir. Raket kompleksi GPS və İNS sistemləri ilə idarə olunur.
Bundan başqa, yaxın tezlikdə Azərbaycan aviasiyasının ixtiyarında yeni döyüş təyyarələrinin olması da istisna edilmir. Rusiyalı hərbi ekspert Sergey Suvorov yeni təyyarələrin Moskvadan alınmasını istsina etmir. O, hazırda Azərbaycanla Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın uğurla davam etdirildiyini bildirib: “Azərbaycan həmişə Rusiyanın strateji tərəfdaşı olub və bu cür də qalır. Bu gün Bakı ilə Moskva olduqca yaxşı və sıx əlaqələrə malikdir. Ümid edirəm ki, bizim Azərbaycanla qarşılıqlı faydalı münasibətlərimiz gələcəkdə də davam edəcək və əhatə dairəsi genişlənəcək.” Rusiyanın Azərbaycana yeni silahlar, xüsusən də çoxhədəfli, dördüncü nəsil Su-35 qırıcı təyyarələri verməsinin mümkünlüyünə də toxunan Suvorov gələcəkdə belə bir müqavilənin imzalanmasını istisna etməyib. Onun fikrincə, Azərbaycana yeni nəsil növbəti müasir silahların satışı tamamilə mümkündür: “Biz Su-35 təyyarələrini digər ölkələrə sata biliriksə, onda niyə də Azərbaycana satmayaq?”. Digər rus hərbi ekspert Aleksey Xlopotov isə Azərbaycanın Rusiyadan Su-30 SM qırıcıları ala biləcəyini istsina etmir: “Su-30SM ağır çoxfunksiyalı ikiyerli döyüş təyyarəsidir. Super manevr qabiliyyətinə malikdir, çoxfazalı antennası olan müasir radar, idarə olunan itmə vektoru və ön üfüqi quyruqlu mühərriklərlə təchiz olunub. İstənilən hava şəraitində, hava-hava, hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulub. Havada üstünlük qazanmaq, uğurlu döyüş aparmaq qabiliyyətinə malikdir. Ən yaxşı cəhətlərindən biri də uzaq və yaxın məsafələrdə, eləcə də qurudakı və dənizdəki hədəfləri vurmaq qabiliyyətinə malik olmasıdır. Mühüm döyüş radiusuna malikdir, kifayət qədər uzaq məsafələrə uça və dövrə vura bilir.
Təyyarənin ekipajı 2 nəfərdən ibarət olsa da, onlara çox az güc düşür. Bu səbəbdən də pilotlar hərbi şəraitdə daha az yorulur və daha səmərəli döyüşə bilirlər. Fikrimcə, Su-30SM hazırda öz sinfindən olan təyyarələr arasında ən yaxşısıdır, həm Amerika, həm də Avropa modellərindən üstündür. Hazırda Azərbaycanın Hərbi Hava Qüvvələrində Su-30SM kimi təyyarələr yoxdur. MiQ-29 var. O da yaxşı təyyarədir. Hətta mən deyərdim ki, öz ölçü və imkanlarına görə Azərbaycan üçün daha əlverişlidir. MiQ-29-lar Su-27-lərin müasirləridir ki, ondan sonra Su-30 və Su-30SM meydana gəlib.
MiQ-29 yüngül döyüş təyyarəsidir. Su-27 və Su-30-dan fərqli olaraq, daha az uçuş uzaqlığına malikdir, lakin daha kiçik, yüngül və ucuzdur. Azərbaycan böyük ərazisi olan dövlət deyil və onun Hərbi Hava Qüvvələrində böyük uçuş məsafəsi olan qırıcıların olması mütləq deyil. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycan vaxtilə çox uğurla Ukraynadan MiQ-29-ları almışdı. Hazırda onları yaxşıca modernləşdirmək və MiQ-35-lərin səviyyəsinə qaldırmaq olar. Əlavə olaraq da elə MiQ-lərin sayını 30-40-a çatdırmaq lazımdır". Ekspert həmçinin bildirir ki, Azərbaycan ordusu ixtiyarında olan Su-25 hücum təyyarələrini də modernləşdirmək imkanına malikdir: "Azərbaycanın iştirak edəcəyi mümkün hərbi əməliyyatların xarakterini nəzərə alsaq, hesab edirəm ki, yüngül hücum təyyarələrinin hesabına hərbi aviasiyanı gücləndirmək lazımdır".
Bundan başqa o da məlumdur ki, Azərbaycan Pakistandan da yeni nəsil qırıcılar almağı düşünür. Pakistan Milli Müdafiə Universitetinin əməkdaşı Səid Sahibzadə də bildirir ki, Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq zaman keçdikcə daha da dərinləşir və möhkəmlənir. O vurğulayıb ki, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətini dilə gətirib. Xatırladaq ki, “JF-17 Thunder” hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir. "JF-17 Thunder" yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Bu təyyarə "hava-hava", "hava-yer" raketləri, döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırki Rusiya istehsalı olan təyyarələrlə müqayisədə bir çox üstünlüyə malikdir. Məsələn, analoqu hesab olunan MİQ-29 eyni zamanda 10 hədəfi 50- 70 kilometr məsafədən izləyir və 1-2 hədəfə eyni zamanda zərbə endirə bilir. Cəmi 2 ton faydalı yük götürərək raketlərlə maksimum 60 kilometr məsafədə olan hədəflərə zərbə endirə bilir. "JF -17 Thunder" isə 3 ton yüklə 100 kilometr məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir. Yaxın tezlikdə "JF-17 Thunder" təyyarələrinin ordumuzun ixtiyarında olması gözlənir.
Digər tərəfdən, Azərbaycan aviasiyasını pilotsuz uçuş aparatları ilə də möhkəmləndirir. Rus ekspert Aleksey Sinitsın də vurğulayır ki, bu sahədə Azərbaycan çox böyük üstünlüyə malikdir. Onun sözlərinə görə, Bakının, xüsusən də İsraildən aldığı pilotsuz uçuş aparatları onun mövqeyini xeyli möhkəmləndirib. Həmçinin, Azərbaycan bu sahədə yerli istehsalını da yaradıb. İndi bütün bunları erməni tərəfinin də nəzərə alıb lazımi nəticə çıxarması olduqca vacibdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.