Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə etiraf edib ki, Qarabağ keçmişdə heç vaxt Ermənistana məxsus olmayıb.
Cermukda keçirilən seçkiqabağı mitinqdə çıxış edən Paşinyan müxalifətin "ərazi itirdik" tənqidlərinə Qarabağı xatırladaraq cavab verib. O, Qarabağın Ermənistana məxsus olduğu iddialarını və ərazi itkiləri ilə bağlı tənqidləri rədd edib:
"Torpaq itirdiyimizi deyirlər. Bu torpaqlar necə bizim idi? Açıqlayın, necə bizim idi? Orada bir məktəb inşa etdikmi, uşaq bağçası inşa etdikmi, fabrik inşa etdikmi? Orada yaşadıqmı, ora yaşayış məntəqəsi idimi? ...Necə bizim idi? Xeyr, bizim deyildi".
Paşinyan həmçinin bildirib ki, bölgə "yalnız bir neçə generalın nəzarəti altında olub" və bu şəxslər torpaqlardan yalnız öz maraqları üçün istifadə ediblər: "Ölülərin arxasından danışmaq istəmirəm, amma oralara buğda əkən bir neçə generalın nəzarəti altında idi".
Baş nazir bildirib ki, Ermənistanın bölgəyə iddiası əsassız olub.
Tahir TAĞIYEV