ABŞ-İsrail arasında 28 fevralda İrana hücumlarla başlayan müharibədə 8 apreldə əldə edilən müvəqqəti atəşkəsdən sonra Tehran və Vaşinqton Pakistanda daimi atəşkəs üçün danışıqlara başlayıblar.
Pakistan mənbələri tərəflər arasında danışıqların Pakistan vasitəçiləri vasitəsilə başladığını açıqlayıb. Qeyd ediblər ki, tərəflər İslamabaddakı bir oteldə Pakistan rəsmiləri ilə birbaşa danışıqlardan əvvəl "problemləri həll etmək üçün" Pakistan nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüblər: "İki nümayəndə heyətinin nə vaxt üz-üzə görüşəcəyini hazırda deyə bilmərəm. Hazırda Pakistan rəsmiləri ilə görüşürlər”.
Danışıqlardan əvvəl ABŞ-ın vitse-prezidenti Vance Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli görüş keçirib.
İran dövlət televiziyası isə iki ölkə arasında diplomatik fəaliyyətin intensivləşdiyini açıqlayıb. Məlumata görə, İran tərəfindən təyin edilmiş yüksək səviyyəli danışıqlar qrupu Tehranın hazırladığı 10 maddəlik yeni əməkdaşlıq və həll təkliflərini Pakistanın Baş nazirinə təqdim edib.
Tahir TAĞIYEV