Aydın Mirzəzadə: "Azərbaycan tolerant, müxtəlif xalqların dinc şəraitdə yaşadığı bir ölkədir""Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, orada erməni millətindən olan 20-yə yaxın sakin yaşayır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Qarabağda yaşayan ermənilərlə bağlı suala cavab verən dövlət başçısı qeyd edib ki, 2023-cü ilin sentyabrında, birgünlük antiterror əməliyyatı keçirilənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planı rəsmi olaraq dərc edildi: "Orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz "Dağlıq Qarabağ respublikasında" yaşadığını düşünürdüsə, bu, onların problemidir. Orada vəziyyət dəyişdi, orada qalanlar, - onların sayı isə o qədər də çox deyildi, təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib".
Hələ müharibə vəziyyətində olduğumuz bir ölkənin millətindən olan insanlara Azərbaycanın dövlət səviyyəsində göstərdiyi dəstək, yardım dünyaya nə kimi mesajlar verir?
"Qarabağda yaşayan ermənilərə qarşı hər hansı diskriminasiya həyata keçirilmədi, hətta onların normal şəraitdə yaşaması üçün lazımi imkan yaradıldı"
Millət vəkili Aydın Mirzəzadə "Bakı-Xəbər"ə şərhində bildirdi ki, 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı zamanı Azərbaycan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə qarşı mübarizə aparmayıb: "Azərbaycan işğalçılara, separatçılara qarşı mübarizə aparıb. Müharibə bitdikdən sonra ölkəmiz dəfələrlə həmin sakinlərlə əlaqə saxlayıb, onların yenidən Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması ilə bağlı təkliflər verdi. Separatçı rejim tərəfindən bu məlumatlar yerli əhaliyə çatdırılmadığına görə Azərbaycan hakimiyyəti açıq şəkildə kütləvi informasiya vasitələri ilə həmin əhaliyə müraciət etdi. Ölkə başçısı İlham Əliyev bu günlərdə Rusiya telekanalına müsahibə verərkən məlum mövzu ilə bağlı geniş fikir bildirdi. Bunun özü göstərir ki, Azərbaycan tolerant, müxtəlif xalqların dinc şəraitdə yaşadığı bir ölkədir. Biz vətəndaşların hansı dindən, hansı dildən olmasına heç vaxt fərq qoymamışıq. Bu müraciətdən sonra müəyyən qrup erməni millətindən olan sakin həmin bölgədə qalmağa qərar verdi. Onlara qarşı hər hansı diskriminasiya həyata keçirilmədi. Hətta onların normal şəraitdə yaşaması üçün lazımi imkan yaradıldı. Qərbin ölkəmizə qarşı apardığı qara siyasət cənab Prezidentin məlum açıqlamasından sonra darmadağın edildi".
Millət vəkili onu da əlavə etdi ki, müharibə zamanı yerli əhaliyə və mülki obyektlərə hər hansı bir ziyan dəymədi: "Bununla yanaşı, dövlətimiz orada yaşayan ermənilərin təhlükəsizliyi üçün də zəmanət verdi. İlham Əliyevin son müsahibəsi Azərbaycanın humanist imicini daha da möhkəmləndirdi".
Günel CƏLİLOVA