Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.
Məlumata görə, onu general-polkovnik Aleksandr Lentsov əvəz edib.
Qeyd edək ki, vaxtilə Lentsov Rusiya Hərbi Hava Qüvvələri Komandanının müavini (2009-2013), Quru Qoşunlarının Ali Baş Komandanının müavini (2013 - 2020) olub. General-polkovnik 2020-ci ildən Rusiya Müdafiə nazirinin müşaviridir.
Sülhməramlıların Qarabağda mövcud olduğu son iki il yarımlıq müddətdə bu, dəyişilən 3-cü komandandı. Belə kadr siyasəti prosesə və ümumən sülhməramlıların fəaliyyətinə necə təsir edə bilər?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, buna sülhməramlılarla bağlı indiyə kimi baş verən hadisələrin uzantısı kimi baxır: “Belə düşünürəm ki, Rusiya sülhməramlıları bölgədə sülhü dəstəkləmə əməliyyatında heç də öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmirlər. İlk gündən biz onları tərəf kimi gördük. Çox təəssüf hissi ilə qeyd edirəm ki, əgər keçmişə nəzər salsaq, sülhməramlılara rəhbərlik edən generalların, zabitlərin heç biri öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməyiblər. Yəni haqqında xoş bir söz deyə biləcəyimiz elə bir sülhməramlı komandanı yoxdur. Əlbəttə, bu gün baş verən hadisələrdə onların istər Ermənistana, istərsə də Azərbaycana münasibətdə sərgilədikləri mövqe mühüm rol oynayıb. Bilirsiz ki, mediada Rusiya sülhməramlılarının orda alverlə məşğul olması ilə də bağlı müəyyən faktlar səsləndirilmişdir. Orada sülhməramlıların ermənilərə dəstək verməsi, oraya separatçı qüvvələrin sızmasına yardımçı olması, eyni zamanda Azərbaycan ərazilərinə qanunsuz silah-sürsatın daxil olması barədə bir çox məlumatların olduğu bəllidir. Ona görə də, indi baş verən hadisələr müxtəlif çalxantıların nəticəsi kimidir. Yəni Azərbaycan tərəfi dəfələrlə bu barədə müəyyən bəyənatlarla çıxış edib, öz fikirlərini konkret şəkildə ifadə edib və narazılığını bildirib. Sülhməramlı missiyası ciddi bir missiyadır. Bu missiyada həqiqətən də yerləşdiyi ərazinin münaqişə tərəfləri ilə bağlı tarixi faktlar bilinməlidir. Ərazinin coğrafiyası, insanların mənəvi-psixoloji durumu bilinməlidir. Əks təqdirdə onların orda ideal bir xidmət qurması mümkün olmayacaq. Yəni bu gün baş verən hadisələr də, güman edirəm ki, indiyə kimi baş verən hadisələrin uzantısıdır. Bu hadisələr hələ davam edəcək. Çünki sülhməramlı missiyanın necə yerinə yetirilməsi ilə bağlı Azərbaycanın çox ciddi bir təcrübəsi var. İraqda, Kosovoda və Əfqanıstanda Azərbaycan sülhməramlılarının missiyası NATO komandanlığı, Qərb və Avropa ölkələrinin rəsmi nümayəndələri tərəfindən həmişə yüksək qiymətləndirilib. Burada xidmət edən azərbaycanlılar istər NATO-nun, istərsə də digər sülhməramlı missiyanı yerinə yetirən ölkələrin, Türkiyənin yüksək dəstəyini qazanmışlar. Ancaq təəssüf hissi ilə qeyd edirəm ki, bu təcrübəyə yaxından bələd olan bir dövlət kimi, biz Rusiya sülhməramlılarının Qarabağda olan missiyasından qəti narazıyıq. Ən azı ona görə ki, onlar işğal olunanla işğalçı tərəf, haqqı tapdalayanla haqqı tapdalanan tərəf arasında fərqi itiriblər. Belə çıxır ki, 30 il ərzində biz azədbaycanlılar ermənilərin ərazisini işğal etmişik, o ərazilərdəki insanları soyqırıma məruz qoymuşuq və eyni zamanda ordakı ərazilərdə yaşayan insanların ev-eşiyini dağıtmışıq. Bu göz qabağında olan bir tarixdir. Ona görə də, düşünürəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasət, atdığı inamlı addım sülhməramlılarla bağlı münasibətdə daha ideal bir formanın ortaya çıxmasına gətirib çıxaracaq. Əks təqdirdə Rusiya sülhməramlılarının Azərbaycanın inzibati ərazisi olan Qarabağda yerləşməsi məsələsi gündəmə gələcək və onların özü üçün ciddi problem yaradacaq. Bilirsiz ki, Qarabağda artıq müxtəlif dövlətlərin - Fransanın, Rusiyanın, İranın və digər Avropa, Qərb dövlətlərinin mövqe savaşı gedir. Ancaq bu mövqe savaşı Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Çünki onun dövləti və milli maraqları var. Azərbaycan dövlətinin və milli maraqlarının qorunması istiqamətində heç bir dövlətə güzəştə getməyəcək. Cənab Prezident son dəfə Azərbaycan televiziyasına müsahibəsində bu məsələyə toxunaraq qeyd etdi ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir, biz bu məsələni heç bir xarici ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu mənada Rusiya sülhməramlıları öz missiyalarının nədən ibarət olduğunu ciddi şəkildə başa düşməli və yerinə yetirməlidir. Əks təqdirdə kadr dəyişiklikləri daha tez-tez, dinamik şəkildə baş verəcək. Ancaq ideya, münasibət, mövqe dəyişmədikcə, heç nəyi dəyişmək mümkün olmayacaq. Azərbaycan tərəfinin də əsas istəyi bundan ibarətdir ki, Rusiya sülhməramlıları öz missiyasını lazım olduğu səviyyədə, əsl sülhməramlı kimi yerinə yetirsinlər”.
Ekspertin sözlərinə görə, kadr dəyişikliyi heç bir yeniliyə səbəb olmayacaq, əgər münasibət kökündən dəyişməsə: “Onların düşüncəsində sülhməramlı missiyası ilə bağlı fikirlər dəyişməlidir. Əgər bunlar dəyişməsə, kadr dəyişikliyi heç nəyi dəyişməyəcək. Onlar Azərbaycan xalqı ilə ermənilər arasında baş vermiş bu konfliktin tarixini, kökündə nəyin dayandığını, əziyyət çəkən, təcavüzə məruz qalan tərəfin kim olduğunu öyrənməlidirlər. Bunlar ön plana çəkilməlidir. Bu plandan, bu rakusdan baxılmalıdır. Onlar isə gedib orda ermənilərlə öpüşüb-görüşürlər, ermənilərin silah-sürsatını daşıyırlar, onlarla alverə girirlər. Ancaq ortada dövlətin ərazi bütövlüyünə təcavüz olunur və bu təcavüz istiqamətində də Rusiya sülhməramlıları onlara dəstək verir. Yəni düşüncə dəyişməyincə heç nə dəyişməyəcək”.
Məhəmmədəli QƏRİBLİ