Məlum olduğu kimi, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı “Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaşdır: “Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”.
Tədbirdə iştirak edən digər nüfuzlu şəxslər də Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd ediblər. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur”.
Bolqarıstanın energetika naziri Rosen Hristov Anlaşma Memorandumunun imzalanmasının Avropanın enerji təhlükəsizliyinə nail olmaq yolunda mühüm addım olduğunu vurğuladı.
Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman isə Azərbaycanla əməkdaşlığın önəminə toxunaraq dedi: “Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq”.
Bolqarıstan prezidenti Rumen Radev sözügedən məsələ ilə bağlı bunları dedi: “Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir”.
Görünən odur ki, Azərbaycanın etibarlı tərəfdaş olduğunu əksər Avropa ölkələri qəbul edir.
“Bütün bunlar onu göstərir ki, ölkəmizin Avropa ilə strateji tərəfdaşlığı neft-qazla məhdudlaşmır”
Yeni Yol Partiyasının sədri Ramil Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sözügedən tədbirdə Azərbaycanın etibarlı tərəfdaş olması ilə bağlı səslənən fikirlər mühüm əhəmiyyətə malikdir: “Belə fikirlər Azərbaycanın Avropa İttifaqında mövqeyinin daha da möhkəmlənməsinə təkan verəcək. Bu bir reallıqdır ki, Azərbaycan enerji sektorunda etibarlı tərəfdaş olduğunu illər öncə sübut edib. 1994-cü ildə imzalanan “Əsrin kontraktı” neft müqaviləsindən sonra Azərbaycan öz öhdəliklərinə sadiq olduğunu dəfələrlə sübut edib. Xarici neft şirkətləri ölkəmizin enerji sektoruna milyardlarla dollar sərmayə qoyublar. Keçən müddət ərzində sərmayə qoyuluşu ilə bağlı hansısa problemlə üzləşmədilər. Ən başlıcası xarici şirkətlərlə imzalanan sazişlər təftiş olunmadı. Adətən belə kontraktlar imzalananda bir sıra ölkələrdə müqavilələr təftiş olunur. Nəticədə xarici şirkətlərlə dövlətlər arasında bir sıra problemlər yaşanır. Azərbaycan buna getmədi. Ötən müddət ərzində bir sıra neft və qaz kəmərləri çəkildi. 2021-ci ilin əvvəlindən başlayaraq Azərbaycan qazı Avropaya ixrac olunur. Özü də Ukrayna müharibəsi fonunda bunun necə böyük əhəmiyyətə malik olduğunu ətraflı izah etməyə ehtiyac yoxdur. Ən başlıca məqamlardan biri də odur ki, tranzit daşımalar və alternativ enerjinin ixracı məsələsində Azərbaycanın artan rolu yeni vəziyyət yaradıb. Bütün bunlar onu göstərir ki, ölkəmizin Avropa ilə strateji tərəfdaşlığı neft-qazla məhdudlaşmır. Azərbaycan Çindən gələn yüklərin ölkəmiz üzərindən Avropaya çatdırılması ilə bağlı ardıcıl və sistemli işlər həyata keçirir. Artıq yaxın perspektivdə Azərbaycanda alternativ enerji mənbələri hesabına əldə ediləcək elektrik enerjisi Avropaya ixrac olunacaq. Avropada əmindilər ki, Azərbaycan əvvəlki illərdə olduğu kimi, bu dəfə də öz öhdəliklərinə sadiq qalacaq. Çünki Bolqarıstan prezidentinin təbirincə desək, Prezident Əliyev Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Avroittifaqla tərəfdaşlığı digər sahələrdə daha da genişlənəcək”.
Vidadi ORDAHALLI