Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratması müstəsna tarixi əhəmiyyətli hadisədir. Bu hadisə ekofəalların dekabrda başlatdıqları aksiyanın məntiqi nəticəsi və qələbə sonucudur.
Ekofəalların aksiyası olmasaydı, dünyanın diqqətini Ermənistanın postmüharibə dövrü pozucu siyasətinə cəlb etmək mümkün olmazdı. Azərbaycan Prezidenti ilk dəfə Münhen konfransında bu nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruriliyini bəyan etdi. Həmin konfransda Prezidentimizin təklifinə ilkin reaksiyalar bir daha sübut etdi ki, dünya dairələri Laçın yolunda baş verən proseslərlə bağlı Ermənistanın yox, Azərbaycanın mövqelərini doğru hesab edir. Laçın yolu ilə bağlı Ermənistanın böhtançı mövqeyi iflasa uğradı. Əslində Azərbaycan Prezidentinin prinsipial siyasəti nəticəsində Ermənistanın özü də təxribatçı siyasətini bir qədər dəyişməyə və nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə barışmağa məcbur edildi. Faktdır ki, Ermənistan Laçın yolunda aksiyaların ilk başlanğıcında hər hansı məntəqənin yaradılmasını qəbul etmək istəmirdi. Ermənistan bilirdi ki, nəzarət-buraxılış məntəqəsinin yaradılmasından sonra öz qanunsuz əməllərini davam etdirə və Xankəndinə təxribatçı daşımaları davam etdirə bilməyəcək. Ancaq Azərbaycanın ardıcıl siyasi təzyiqləri nəticəsində Ermənistan Laçın yolunda nəzarətsiz daşımaları sonadək davam etdirməyin mümkünsüz olduğunu anladı. Azərbaycandan bir gün əvvəl Ermənistanın özünün sərhəddə keçid məntəqəsi yaratması da əslində Azərbaycanın qələbəsi sayılmalıdır.
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 10 noyabr sənədinin tam icrasına doğru həlledici addımdır. Ermənistanın yeni ideoloji təxribatlara başlayacağı istisna deyil və bu yolda ilk addımları atır. Ermənistan bu məntəqəni Xankəndi ermənilərinin daha sıx blokadaya salınması kimi qələmə verməyə çalışır və bu sayaq ideoloji təxribatların heç bir əsası yoxdur. Necə ki, Azərbaycan ekofəalların aksiyası ətrafında Ermənistanın "blokada hay-küylərini" beynəlxalq diplomatik-informasiya müstəvisində alt-üst etdi, sübut etdi ki, Laçın yolunda Azərbaycanın nəzarətinin qurulması dövlətimizin suveren hüquqlarının tələbidir, eynilə də sübut edəcəyik ki, nəzarət-buraxılış məntəqəsi ilə bağlı Ermənistanın bütün informasiya-ideoloji təxribatları iflasa məhkumdur. Azərbaycanın Laçın yolunda keçid məntəqəsi qurması erməni icması ilə İrəvanın əlaqəsinin kəsilməsi demək deyil və ola da bilməz. Baxmayaraq ki, Ermənistanda bu yönümdə də rəy yaratmağa uğursuz cəhdlər göstərilir.
Ermənistan öz sərhədində keçid məntəqəsi yaratdığı kimi Azərbaycan da öz ərazisi olan Laçın yolunda nəzarət məntəqəsi qurmaq hüququna malikdir.
Laçın yolunda keçid məntəqəsi köçkünlərimizin təhlükəsiz qayıdışının müstəsna təminat şərtidir.
Keçid məntəqəsi Ermənistanın ərazilərimizdə mina terroru siyasətinin qarşısını almaqda da mühüm rol oynayacaq.
Xankəndi ermənilərinin Azərbaycanla inteqrasiyaya həvəslə qoşulmasına mane olan ən mühüm amil İrəvandan daşınan silah-sursat və terrorçu qüvvələrdir. Bu mənada keçid məntəqəsi Xankəndi ermənilərinin dinc hissəsinin separatçıların girovluğundan xilas edilməsinə böyük təsir göstərəcək.
Aydın QULİYEV