Məlum olduğu kimi, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Niderland Krallığına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib.
O da məlumdur ki, İran narkotrafika bilavasitə yardım göstərməklə narkotik maddələrin Avropada geniş yayılmasına şərait yaradır. Maraqlıdır, Avropa İranın bu nadürüstlüyünə niyə susur? Avropa İrana daha nə qədər dözəcək?
“Avropa narkotik vasitələrin yayılmasında fəal rol oynayan İrana qarşı gərəkən addımları atmağa nədənsə tələsmir”
Məsələyə münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, Avropa İranla bağlı gərəkən addımların atılmasına tələsmir: “Azərbaycanın müvafiq orqanlarının külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alması çox ciddi məqamlardan xəbər verir. Aydın olur ki, vəziyyət həqiqətən də ciddidir. İranın Azərbaycan ərazisindən narkotranzit məqsədlər üçün istifadə etməsi yeni deyil. Otuz ildir Azərbaycan ərazisindən bu kimi məqsədlər üçün istifadə etməyə cəhd göstərirlər. Narkotik maddələrin qanunsuz dövriyyəsi, psixotrop maddələrin daşınması, satılması İranın əsas məqsədlərindən biridir. Bu maddələr əsasən Avropada realizə olunur. Bu da, əlbəttə ki, Avropanın demoqrafik göstəricilərinə çox ciddi zərbə vurur. Zatən, bununla bağlı vəziyyət Avropada yaxşı deyil. Əhali artımı azalır, mənəvi deqradasiya genişlənir və s. Bu tərəfdən də İran bütün vasitələrlə Avtopanı zəhərləməyə çalışır. Reallıq odur ki, İran bu işlə kifayət qədər mütəşəkkil formada məşğul olur. Dövlət səviyyəsində dəstək olmadan bir belə narkotik maddə keçirməyə cəsarət etməzlər. Molla rejimi narkotikdən əldə etdiyi böyük vəsaitləri terrorçuluğun, dini radikalizmin maliyyələşdirilməsində istifadə edir. Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Bunu Avropada da yaxşı bilirlər. Bununla həm də marağında olduğu ölkələrin daxilində sabitliyi pozmağa çalışırlar. Dini radikalizm Avropa üçün də bir təhdid mənbəyidir. Ancaq əfsuslar olsun ki, Avropa narkotik vasitələrin yayılmasında fəal rol oynayan İrana qarşı gərəkən addımları atmağa nədənsə tələsmir. İran həm də Ermənistanla birgə hərəkət edərək narkotik vasitələrin yayılmasında rol oynayır. İran əvvəl işğal altında olan ərazilərimizdən bu məqsədlə istifadə edirdi. İranla sərhədimizin 132 kilometri 30 ilə yaxın işğal altında olduğu üçün, bundan narkotrafik məqsədilə istifadə olunub. Vətən müharibəsindən sonra bu imkanlar əldən çıxdığı üçün indi İran başqa yollarla ərazimizdən Avropaya narkotik vasitələr daşımaq istəyir. Bizim güc strukturlarımız demək olar hər gün bu kimi mütəşəkkil dəstələri ifşa edirlər. O üzdən, Avropa bütün bunları görməzdən gəlməməlidir. İranla bağlı konkret addımlar atmalıdır”.
Vidadi ORDAHALLI