Məlum olduğu kimi, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsində dövlət bayrağımız da ucaldılıb.
Maraqlıdır, Laçın yolunda sərhəd buraxılış məntəqəsinin quraşdırılması laçınlıların rayona təhlükəsizlik qayıdışında hansı rol oynayacaq?
“Buraxılış məntəqəsi tək siyasi, hüquqi deyil, eyni zamanda, təhlükəsizlik baxımından Azərbaycan üçün önəmlidir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sərhəd-buraxılış məntəqəsinin qurulması o bölgənin sakinlərinin geri qayıdışında mühum rol oynayacaq: “Nəzərə almaq lazımdır ki, ölkə başçısı İlham Əliyev elan edib ki, bu ilin sonuna kimi laçınlıların doğma yurdlarına geri qayıdışı təmin ediləcək. Məlumdur ki, Laçın yolunda sərhəd buraxılış məntəqəsinin olmaması bir sıra problemlərə səbəb olurdu. Həm qanunsuz silah daşınması, həm separatçılara yük daşınması, həm də Azərbaycan ərazisinə qanunsuz giriş-çıxış baş verirdi. Təəssüflər olsun ki, Xankəndi və Laçın yolunda sülhməranlıların müvəqqəti olaraq yerləşdirilməsi bölgədə qanunun, haqqın, ədalətin təmin edilməsinə o qədər də töhfə vermirdi”.
Həmsöhbətimiz hesab edir ki, sərhəd buraxılış məntəqəsi Laçına qayıdacaq məcburi köçkünlərin özlərini daha güvənli, rahat, təhlükəsiz hiss etməsinə səbəb olacaq: “Onu da deyim ki, Laçına qayıdış mərhələli şəkildə baş tutacaq. Danılmaz faktdır ki, sakinlərimiz yolu keçi gələrkən istənilən bir separatçının, Ermənistanın təxribatına tuş gələ bilərdi. Bu baxımdan da hesab edirəm ki, vətəndaşlarımızın təhlükəsiz, rahat qayıdışı prosesində sərhəd buraxılış məntəqəsinin böyük əhəmiyyəti var. Buraxılış məntəqəsi tək siyasi, hüquqi deyil, eyni zamanda, təhlükəsizlik baxımından Azərbaycan üçün önəmlidir”.
T.İsmayılov onu da əlavə etdi ki, Laçın yolunda sərhəd buraxılış məntəqəsinin açılması tarixi, mənəvi və hüquqi anlamda Azərbaycanın ən böyük qələbələrindən biridir.
Günel CƏLİLOVA