İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib. SEPAH-ın Qüds qanadına bağlı teleqram kanalı məlumatı bu qeydlə yayımlayıb: “İran-Azərbaycan əlaqələri gərginlik yaşadığı dönəmdə İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib”.
Bakı-Tehran xəttində gərginlik yaxın günlərə qədər davam edirdi. Xarici işlər nazirləri səviyyəsində qurulan təmaslardan sonra müəyyən yumşalmaların yaranması müşahidə edilsə də, gərginliyin arxada qaldığını demək çətindir. Bu baxımdan, radarların da yaxın dövrdə sərhəddə yerləşdirildiyi və hələ də orada olduğunu demək mümkündür.
İranın bu addımı atmaqda əsas məqsədi nə ola bilər?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli qəzetimizə bildirdi ki, İran Azərbaycan dövlətini zəiflətmək üçün və yaxud Azərbaycan adında dövlətin ləğv olunması, məhvi üçün mümkün bütün variantlardan istifadə edir və özünün maraqlarına çatana qədər də düşmən hərəkətlərini davam etdirəcək: “İranla Azərbaycan arasında münasibətlər hazırda son dərəcə gərginləşib və bunun səbəbkarı rəsmi Tehranın ikinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqları, Azərbaycanın qələbəsini həzm edə bilməməsidir. Əslində İranın Azərbaycana münasibətində 30 ildir dəyişən heç nə yoxdur, baxmayaraq ki, bu münasibətlərdə hökm sürən gərginlik vaxtaşırı olaraq özünü büruzə verir, lakin tərəflər qarşılıqlı maraqlardan çıxış edərək qarşıdurma həddinə gəlib çatmamışdılar. İndi isə İran Azərbaycan sərhədlərinə ordu cəmləşdirir və dalbadal təlimlər keçirir, bu ölkənin rəsmiləri, din xadimləri, mətbuatı hər gün Azərbaycanın ünvanına təhdidlər, böhtanlar yağdırır. Bir sözlə, Tehran Azərbaycana qarşı öz düşmən münasibətini bütün imkanları ilə ortaya qoyub. İsrail səfirinin gəlişi, Azərbaycanın hansısa dövlətlə müqavilə bağlaması, Azərbaycanın hardasa səfirlik açması, bunların hamısı bəhanədir. Yəni İran Azərbaycana basqı etmək üçün ən müxtəlif formalarda addımlar atır. Sadəcə, Azərbaycan hakimiyyəti konkret, sistemli və uzunmüddətli proqramlar hazırlamalıdır. Öz maraqlarımızın təmin olunması üçün prinsipial, ardıcıl şəkildə lazım olan prosesləri həyata keçirməliyik. Təbii ki, İran həm o informasiyaları Ermənistana ötürür, daxildə pozuculuq fəaliyyəti ilə məşğul olur, həm də kənarda bizim yaxşı münasibətdə olduğumuz dövlətlərlə aramızı pozmağa, bizim iqtisadi, mənəvi və hərbi cəhətdən çox ciddi zərərlərə düşməyimizə çalışır. Ona görə də, Azərbaycan hakimiyyəti ciddi, çoxşaxəli proqramlar hazırlamalıdır. Sistemli olaraq bu proqramların həyata keçirilməsi ilə həm İran basqısından qurtara, həm də öz maraqlarımızın həyata keçməsinə nail ola bilərik”.
İranın radar sistemləri ilə bölgədə kəşfiyyat işləri apardığı və toplanan məlumatların Ermənistana da ötürüldüyü istisna deyil. 44 günlük müharibədə İranın Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdırdığı, Azərbaycan ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda məlumatlar toplayaraq, Ermənistanın Baş Qərargahına ötürdüyü bəllidir. Ermənistan sərhədlərini “qırmızı xətti” elan edən Tehranın sərhədimizdəki radarlarla eyni işi davam etdirdiyi versiyası güclüdür. Hətta təcrübə bunun şübhəsiz belə olduğunu da deməyə əsas verir.
Məhəmmədəli QƏRİBLİ